Akademik Əli Abbasov
8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində tarixi dönüş nöqtəsinə çevrildi.
Bu qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, birliyinin və sarsılmaz ruhunun təntənəsi oldu.
Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi qüdrətini artırdı, güclü ordu formalaşdırdı. İllərlə aparılan məqsədyönlü siyasət, ordunun müasirləşdirilməsi və xalqın milli həmrəyliyi tarixi qələbənin əsasını təşkil etdi.
Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsi əsas hədəflərdən biri idi. Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, Şuşasız Qarabağ məsələsi tam həllini tapa bilməz. Noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri sıldırım qayalardan, keçilməz meşələrdən keçərək şəhəri düşmən işğalından azad etdilər. Şuşa əməliyyatı hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi düşdü.
Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi müjdəni elan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu sözlər milyonlarla azərbaycanlının illərlə gözlədiyi qayıdışın və milli qürurun ifadəsinə çevrildi. Şuşanın azad olunması ilə Qarabağ Zəfərinin ən mühüm mərhələlərindən biri tamamlandı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat isə müharibənin başa çatmasını rəsmiləşdirdi.
Lakin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində proses bununla yekunlaşmadı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu.
Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti dövlət səviyyəsində əbədiləşdirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı Şuşada Azərbaycan bayrağını ucaltdı.
Şuşa Zəfəri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu qələbə sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən böyük hədəflərə çatmağın əsas şərtləridir.
Bu gün 8 Noyabr həm Şuşanın azadlığının, həm də xalqımızın tarixi ədaləti bərpa etmək əzminin rəmzidir. Şuşa azaddır, Qarabağ Azərbaycandır!