AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa yenidən qurulur – tarixi şəhərə böyük qayıdış

  • + A
  • - A
  • Bu gün, 12:00

    Şuşa yenidən qurulur – tarixi şəhərə böyük qayıdış

    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    İşğaldan azad olunmasından sonra Şuşada yeni həyat başlayıb. Azərbaycanın mədəniyyət paytaxtı bu gün genişmiqyaslı bərpa-quruculuq işlərinin, infrastruktur layihələrinin və böyük qayıdış prosesinin mərkəzindədir. Məqsəd şəhərin tarixi simasını qorumaqla onu müasir və yaşamaq üçün əlverişli məkana çevirməkdir.

    Şuşanın bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci il isə “Şuşa İli” olub. Şuşa həmçinin Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı statuslarını qazanıb. 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi diqqət mərkəzindədir.
    Şəhərdə aparılan bərpa işləri onun zəngin tarixi-mədəni irsinin qorunmasına xüsusi töhfə verir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qaytarılıb. Tarixi abidələrin bərpası, məscidlərin yenidən qurulması, mehmanxanaların və sosial obyektlərin istifadəyə verilməsi Şuşanın dirçəlişini sürətləndirir.

    Şəhərin inkişafı üçün 2040-cı ilədək Baş plan da təsdiqlənib. Sənəddə tarixi memarlıq quruluşunun qorunması, müasir infrastrukturun yaradılması, yaşayış və sosial xidmət obyektlərinin inkişafı, təbii landşaftın mühafizəsi əsas prinsiplər kimi müəyyənləşdirilib.
    Şuşaya qayıdış prosesi də mərhələli şəkildə davam edir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1579 nəfər doğma yurduna qayıdıb.

    Şuşaya gedən Zəfər Yolu da qayıdışın rəmzlərindən biridir. Qəhrəman Azərbaycan əsgərlərinin döyüş zamanı keçdiyi istiqamətdə salınan 101 kilometrlik yol şəhərə rahat gediş-gəlişi təmin etməklə yanaşı, tarixi qələbənin xatirəsini yaşadır.

    Bu gün Şuşada aparılan işlər yalnız dağıdılmış şəhərin bərpası deyil. Bu, tarixi irsin qorunması, milli yaddaşın yaşadılması və yeni həyatın qurulmasıdır. Bir zamanlar işğalın izlərini daşıyan şəhər indi quruculuğun, mədəniyyətin və böyük qayıdışın ünvanına çevrilib.

    Şuşa yenidən öz sakinlərini qoynuna alır. Onun küçələrində həyat canlanır, tarixi abidələri bərpa olunur, gələcəyə hesablanmış layihələr həyata keçirilir. Prezident İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədi bu gün real işlərdə öz təcəssümünü tapır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR