Gəncə avtomobil zavodu İB-də Zəfər gününün 6 illiyi qeyd olundu.

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 Noyabr Zəfər gününün 6-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.
Tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş işçiləri də iştirak edirdi.
Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı.
Birliyin director müavini Bağban Nəbiyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı:
“Bu gün biz Zəfərimizin 6 illiyini böyük fəxrlə və sevinclə qeyd edirik. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” deyə Nəbiyev əlavə edib.
Tədbirdə 44 günlük mühatibənin xronikasına həsr olunan “Zəfərə aparan yol” adlı sənədli film nümayiş olunub.
Sonra çıxış edən birliyin mətbuat katibi Məqsəd Rəhimov 44 günlük müharibənin hər bir azərbaycanlı üçün bir qürur nümunəsi olduğunu bildirdi. Qeyd olundu ki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-də rəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifə borclarını yerinə yetirdi. Məqsəd Rəhimov onu da vurğuladı ki, minlərlə şəhidlərin və qazilərin qanı bahasına əldə olunan Zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb və bu gün biz onlara minnətdarıq.
Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncə avtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli, zavodda texnoloq paylayıcı işləyən, 44 günlük Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit Xəyal Qurbanov bütün qazilər və veteranlar, o cümlədən də müharibə iştirakçiları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başını əzib.
Sonda birliyin director müavini BAğban Nəbiyev bir daha Zəfər günü münasibətilə veteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladı ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar.
8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindən müəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçiları mükafatlandırılıb.
Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.