AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ustalıqdan trest rəhbərliyinə uzanan peşəkar yolun 60 illiyi

  • + A
  • - A
  • Bu gün, 15:12

    Ustalıqdan trest rəhbərliyinə uzanan peşəkar yolun 60 illiyi

    Neft-qaz tikintisi sahəsində uzun illər səmərəli fəaliyyəti, peşəkarlığı və mühəndislik təcrübəsi ilə seçilən Qağaməli Höküməli oğlu Seyfullayevin 60 illik yubileyi qeyd olunur. Onun əmək yolu istehsalatın müxtəlif pillələrindən keçərək rəhbər vəzifələrə yüksələn, eyni zamanda elmi axtarışlarla zənginləşən peşəkar fəaliyyət nümunəsidir.

    Biləsuvar rayonunda anadan olan Qağaməli Seyfullayev orta təhsilini Ş. Qurbanov adına şəhər 2 nömrəli məktəbdə alıb. Daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsində ali təhsilini davam etdirərək institutu fərqlənmə diplomu ilə bitirib. Mühəndislik ixtisasına yiyələnməsi onun gələcək peşə fəaliyyətinin əsasını təşkil edib.




    Əmək fəaliyyətinə 1992-ci ildə “Azərdənizneftinşaat” Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsində usta kimi başlayan Qağaməli Seyfullayev qısa müddətdə bilik və bacarığı, işə məsuliyyətli yanaşması ilə fərqlənib. İstehsalat sahəsində qazandığı təcrübə və təşkilatçılıq qabiliyyəti sayəsində mühəndis vəzifəsindən idarə rəisliyinə qədər yüksəlib. Bu mərhələ onun neft-qaz tikintisi sahəsində peşəkar kimi formalaşmasında mühüm rol oynayıb.

    2007–2011-ci illərdə fəaliyyətini SOCAR-ın “Neftqaztikinti” trestində davam etdirən Qağaməli Seyfullayev burada idarə rəisi vəzifəsində çalışıb. 2011–2012-ci illərdə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktorun birinci müavini olub. Bu vəzifələrdə qazandığı təcrübə onun istehsalat proseslərinin təşkili, texniki məsələlərin həlli və kollektivlərin idarə olunması sahəsində bacarıqlarını daha da inkişaf etdirib.



    2012–2013-cü illərdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini vəzifəsində çalışan Qağaməli Seyfullayev respublikanın müxtəlif bölgələrində qazlaşdırma işlərinin və yeni qaz xətlərinin çəkilişinin həyata keçirilməsində iştirak edib. 2013–2019-cu illərdə SOCAR-ın “Qaz İxrac” İdarəsinin rəisi kimi fəaliyyət göstərib. 2019-cu ildən isə SOCAR-ın “Neftqaztikinti” trestinə rəhbərlik edir.

    Onun rəhbərliyi dövründə trestin fəaliyyətində tikinti-quraşdırma işlərinin təşkili, istehsalat obyektlərinin yaradılması və yenilənməsi, neft-qaz sənayesinin ehtiyaclarına uyğun layihələrin icrası əsas istiqamətlərdən olub. Bu sahədə həyata keçirilən işlər mühəndislik bilikləri ilə yanaşı, dəqiq planlaşdırma, texniki intizam və kollektiv fəaliyyətin uzlaşdırılmasını tələb edir. Qağaməli Seyfullayevin uzun illər ərzində müxtəlif vəzifələrdə çalışması ona istehsalatın həm praktiki, həm də idarəetmə tərəflərini yaxından öyrənmək imkanı verib.

    Rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, Qağaməli Seyfullayev elmi fəaliyyətə də maraq göstərib. Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikintisi, istismarı, eləcə də qaz kəmərləri sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi onun elmi araşdırmalarının əsas istiqamətlərindəndir. Bu sahədəki tədqiqatları mühəndislik təcrübəsinin elmi biliklərlə tamamlanmasına xidmət edir.

    Uzun illər neft-qaz tikintisi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən də qiymətləndirilib. Qağaməli Seyfullayev 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2016-cı ildə isə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Təqdim olunan məlumatlara əsasən, 2025-ci ildə Qlobal Bakı Forumunun təşkilində fəal iştirakına görə Prezident İlham Əliyevin imzası ilə Təşəkkürnamə ilə mükafatlandırılıb.



    Qağaməli Seyfullayevin 60 illik yubileyi onun zəngin əmək yoluna, neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrə və mühəndislik peşəsinə bağlılığına nəzər salmaq üçün əlamətdar fürsətdir. Ustalıqdan rəhbərliyə qədər keçdiyi yol peşəkar təcrübənin, ardıcıl əməyin və məsuliyyətli fəaliyyətin nəticəsidir.

    Bu əlamətdar yubiley münasibətilə Qağaməli Höküməli oğlu Seyfullayevi təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

    Caspianinfo.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR