Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanın Maarif İrsi: Unudulmaz Məktəblər” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə layihə rəhbəri, İctimai Birliyin sədri Etibar Məmmədov çıxış edərək layihənin məqsəd və vəzifələri, Qərbi Azərbaycanın zəngin maarifçilik tarixi, burada fəaliyyət göstərmiş tarixi məktəblər və xalqımızın təhsil ənənələri haqqında iştirakçılara məlumat verib.
Görüş zamanı layihə çərçivəsində hazırlanmış 10 qısa video-podkast (Shorts) nümayiş etdirilib. Videoçarxlarda Qərbi Azərbaycanın tarixi məktəbləri, maarifçilik irsi və təhsil ənənələri işıqlandırılıb.
Nümayişdən sonra tələbələrə mövzu ilə bağlı əlavə məlumatlar verilib və maarifçilik irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın zəngin maarifçilik irsinin araşdırılması, tarixi məktəblərin tanıdılması, milli-mədəni yaddaşın qorunması və gənclər arasında təbliğidir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay müddətində həyata keçirilir. Layihənin rəhbəri Etibar Məmmədovdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.