Akademik Əli Abbasov20 Noyabr Azərbaycan tarixində xüsusi məna daşıyan günlərdən biridir. Bu tarix Ağdamın uzun illər davam edən işğalına son qoyulduğu, tarixi torpaqlarımızın yenidən Azərbaycana qaytarıldığı gündür. Ağdamın taleyi əslində bütöv bir xalqın yaşadığı faciənin, mübarizənin və nəhayət, Zəfərin tarixidir. Bir zamanlar Qarabağın ən abad, ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal illərində xarabalığa çevrilsə də, öz tarixi kimliyini və xalqımızın yaddaşındakı yerini itirmədi.
Ağdam qədim tarixi, zəngin mədəniyyəti və strateji mövqeyi ilə Azərbaycanın seçilən yaşayış məskənlərindən biridir. Şəhərin adının mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir versiyaya görə, qədim türk dilində “kiçik qala” mənasını verən Ağdam sözü bu ərazidəki müdafiə tikililəri ilə əlaqələndirilir. Digər izaha əsasən, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi şəhərin adının formalaşmasında mühüm rol oynayıb. Günəş şüaları altında parlayan ağ daşlı imarət ətraf kəndlər üçün bir növ istiqamət nişanına çevrilib.
1930-cu ildə rayon statusu alan Ağdam uzun illər Qarabağın mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən biri olub. Bərəkətli torpaqları, üzüm bağları, kənd təsərrüfatı, sənaye müəssisələri və zəngin mədəni həyatı ilə tanınıb. Ağdamın tarixi isə daha qədim dövrlərə gedib çıxır. Ərazidə aparılan arxeoloji qazıntılar burada minilliklər əvvəl insanların məskunlaşdığını göstərir. Xüsusilə Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri bölgənin qədim əkinçilik və maldarlıq mədəniyyətinə malik olduğunu təsdiqləyir. Tapılan taxıl və üzüm qalıqları bu torpaqlarda oturaq həyatın, təsərrüfat ənənələrinin qədimliyindən xəbər verir.
Lakin Ağdamın tarixində ən ağır səhifələrdən biri 1993-cü ilin iyulunda yazıldı. 42 gün davam edən döyüşlərdən sonra iyulun 23-də rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Ağdamın 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. 128 minə yaxın insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.
İşğal nəticəsində şəhərin sosial-iqtisadi infrastrukturu, tarixi və mədəni irsi ağır dağıntılara məruz qaldı. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, mədəniyyət ocaqları, yaşayış evləri talan edildi və dağıdıldı. Dünyada nadir muzeylərdən biri olan Ağdam Çörək Muzeyi də vandalizmə məruz qaldı. Vaxtilə insanların həyatla dolu küçələrində indi yalnız dağıntılar qalmışdı. Ağdamın bu mənzərəsi erməni vandalizminin və müharibənin mədəni irsə vurduğu zərərin ən bariz nümunələrindən birinə çevrildi. Təsadüfi deyil ki, şəhər “Qafqazın Xirosiması” adlandırıldı.
Beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarlar da uzun illər Ağdamın işğalına son qoymadı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Ancaq Ermənistan bu tələbləri yerinə yetirmədi. Nəticədə minlərlə insan doğma torpaqlarından uzaqda yaşamağa, öz evlərinin həsrəti ilə ömür sürməyə məcbur oldu.
Ağdamın taleyini dəyişən gün isə 2020-ci il noyabrın 20-si oldu. Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə və 10 noyabr tarixli üçtərəfli bəyanat nəticəsində Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik işğala son qoyuldu. Bu, sadəcə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addım deyil, həm də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan minlərlə insanın ümidlərinin yenidən canlanması idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdamla bağlı səsləndirdiyi fikirlər şəhərin gələcək taleyinə dövlətin münasibətini aydın ifadə edirdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu gün həmin vədin gerçəkləşməsi istiqamətində genişmiqyaslı quruculuq işləri aparılır. Ağdamın 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Şəhərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması, yaşayış və ictimai məkanların salınması nəzərdə tutulur. Gələcəkdə Ağdamda 100 min nəfərə yaxın əhalinin yaşaması planlaşdırılır. Yeni yollar çəkilir, məktəblər və sosial obyektlər inşa olunur, sənaye və istehsal müəssisələri yaradılır. Ağdam Sənaye Parkının fəaliyyəti isə bölgənin iqtisadi potensialının artırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Böyük Qayıdış proqramı çərçivəsində rayonun kəndlərinin də bərpası davam etdirilir. Ərazilərin minalardan təmizlənməsi, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması insanların təhlükəsiz və rahat şəkildə doğma torpaqlarına qayıtması üçün əsas şərtlərdəndir. Çünki Ağdamın bərpası yalnız yeni binaların tikilməsi deyil, burada əvvəlki həyatın yenidən canlandırılması deməkdir.
20 Noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi də bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri müəyyənləşdirilib və noyabrın 20-si Ağdam şəhəri günü elan olunub.
Bu gün Ağdamın qarşısında yeni inkişaf mərhələsi açılıb. Vaxtilə dağıdılmış küçələrdə yenidən həyat qurulur, yeni yaşayış məhəllələri salınır, istehsal müəssisələri fəaliyyətə başlayır. Ən əsası isə illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanlar geri qayıdır. Ağdamın dirçəlişi Azərbaycanın müharibədən sonra quruculuq və inkişaf yoluna qədəm qoymasının mühüm göstəricilərindəndir.
Ağdam bu gün keçmişin ağrısını unutmadan gələcəyə addımlayır. Onun dağıdılmış küçələri bir zamanlar yaşanan faciəni, yeni tikililəri isə xalqımızın iradəsini və qurmaq əzmini nümayiş etdirir. 20 Noyabr təkcə bir şəhərin azad edildiyi gün deyil, həm də tarixi yaddaşın, milli qürurun və qayıdış ümidinin təntənəsidir. Ağdam yenidən qurulur və bu dəfə onun tarixində yeni səhifə – quruculuğun, inkişafın və firavan həyatın səhifəsi yazılır.