Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən, sıx meşəlik və çəmənliklərlə əhatə olunan Altıağac Milli Parkının bu gün yaranma günüdür. Bu münasibətlə milli parkın ərazisində “açıq qapı” günü keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora, fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Xızı və Siyəzən rayonlarının ərazisində yaradılıb.
“Füsunkar, unikal təbiətə malik olan və yaddaşlarda təbii peyzaj yaradan Altıağac Milli Parkının sıx meşəliklərlə örtülü ərazisində və çəmənliklərində insanı ilk növbədə hüzur gətirən görüntülər, oksigenlə zəngin təmiz hava qarşılayır.
Yüksək dağlıq və meşəlik landşafta malik olan və paytaxta yaxın məsafədə yerləşən milli parkda adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, vaşaq, Avropa cüyürü, qara çalağan, Qafqaz bənövşəsi, itikənarlı süsən, eyni zamanda, Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, Adi göyrüş, İtiyarpaqlı ağcaqayın, çöl donuzu, canavar, yenot, tülkü, dovşan, dələ, qırqovul, qaratoyuq, bildirçin, çöl qartalı və s. kimi flora və fauna növləri yayılıb”.
F.Əliyev qeyd edib ki, Cənubi Qafqazda ilk və yeganə olan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası da milli parkın nəzdində fəaliyyət göstərir. Vəhşi təbiətdə yaralı halda rast gəlinən heyvan növləri bu mərkəzdə reabilitasiya olunaraq təbiətə buraxılır.
“Zəngin biomüxtəlifliyə malik milli parkda müxtəlif yaş kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edir, onlar üçün ayrılmış piknik yerlərində dincəlirlər.
İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Altıağac Milli Parkı yolunuzu gözləyir”.