Milli Mətbuat Günündə jurnalistlərin Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun açılış mərasiminə qatılacağı xəbərini qürurla qarşıladıq. Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyırdı. Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlərinin iştirak etdiyi Forumda baş verənlər, Forumdan irəli gələn vəzifələr, yeni dünya düzənində medianın rolu, beynəlxalq təşkilat rəsmilərinin iştirak etdiyi Forum barədə təəssüratları qaldı bir kənarda. Hansı ki, belə bir möhtəşəm Forumdan günlərlə yazılmalı, danışılmalı idi. Cənab Prezident İlham Əliyev bu il Milli Mətbuat Gününə xüsusi diqqət ayırmışdı. Onun jurnalistlər üşün təyyarə ayırması, Forum iştirakçılarına təbrik məktubu buna əyani sübutdu. Amma nə baş verdi? İçki məclisində xoşagəlməz hadisə gündəmi zəbt etdi. Bilirsiz niyə? Çünki informasiya gizlədilməyə çalışıldı, cəmiyyətə düz çatdırılmadı. Təəssüf ki sözügedən hadisə çəkilən əməyə, görülən işə kölgə salmağa hesablandı. Sosial şəbəkələrə, saytlarda oxu izləməsinə nəzər yetirmək kifayət edir ki, son günlərin hadisələrindən hansının daha çox ip yığmasını müşahidə mümkün olsun. Bu hadisədə çoxumuz günahkarıq, çünki hamımız startda durmuşuq hansı həmkar bir səhv edəcək, bəh-bəhlə bunu paylaşıb adamın əzilməsindən zövq alacağıq.
Edilən ayrı-seçkiliklər qələm əhlinin yarısını milyonçuya çevirib, yarısını ən zəruri ehtiyacını ödəmək üçün sutkanın 20 saatını işləmək məcburiyyətində qoyub. Odur ki, həmkarlar arasında qıcıq var. Ölkədə son illər, daha doğrusu, Agentlik yarandıqdan sonra köklü dəyişikliklərin şahidi oluruq. Tədricən daha çox yeniliklərə şahid olacağıq, əminəm. Amma Əli Həsənovdan qalma buxov Agentliyi sərbəst buraxmalıdır.
Cəmiyyətdə nifrətlə qarşılanan “Media Kapitanları” sindromu məhv edilməlidir. Şərait yaradılmalıdır mediada yeni imzalara, yeni rəhbərlərə. Əvvəlki komandanın oliqarxa çevrilmişləri yenə hegemonluq edir, səfərlərə, ayrılan maliyyələrə, aparılan media-turlara başçılıq edir, ona görə də köklü dəyişikliklər ləngiyir. Ona görə də Azərbaycan tamaşaçısı mühacir mediasına üstünlük verir. Ona görə dərdlərini onlara danışır."Düzgün informasiyanın çatdırılmasında media savadlılığı və maarifləndirmə əsas uğur amilləridir.”Bunu Şuşada təşkil olunan Beynəlxalq Media Forumun “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusunda keçirilən 2-ci panel sessiyasının müzakirəsində Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi deyib. İnformasiyanı cəmiyyətə düzgün çatdırıb inam qazanmaq lazımdır.
Agentlik peşəkarlardan formalaşıb, əminəm ki, kənardan müdaxilə etməsələr, onlar mükəmməl bacaracaq. Orda sırf illərini mediaya qurban vermişlər var, onlar kimin kim olduğunu, kimin avtobioqrafiyasını müstəqil yaza bilməməsini çox gözəl bilirlər. Zənglə yazı sildirmək lazım deyil. Göstərilən, bəhs edilən neqativ hadisəni aradan qaldırmaq lazımdır. Tənqid yazan jurnalist təlimlərdən, toplantılardan kənar saxlanmamalıdır. Jurnalistlərə imkan yaradılmalıdır baş verən hadisələri sərbəst işıqlandırsınlar. Media yaltaq və qorxaqlardan təmizlənməli, imicini bərpa etməlidir. Baş verən olayı hadisə şahidi özü yazsaydı imzasıyla, danosbazlıq etməsəydi, sıradan məişət olayı bu qədər diqqət çəkməzdi. Əgər müəllif imzasıyla yazılmış olsaydı, şəhidlərin adından iyrənccəsinə manipulyasiya edilməzdi. Çünki müəllif yazıları fakta əsaslanmalıdır. Olay adi bir məişət diskomfortu olub, tədbirdən kənar, asudə vaxtda.
Foruma aparılanlar dövlətə qələmi ilə sadiq media orqanlarının rəhbəri idi öz aləmlərində. Dövlət onların Foruma qatılması üçün nə qədər xərc çəkmişdi. Amma yuxarıda dediyim kimi, əksərinin Forum və əhəmiyyəti, yaratdığı reallıqlar barədə danışmağa, Forumu təhlil etməyə nə savadları var, nə söz ehtiyatı. Yaxşı manipulyatordular amma. Danosbazlıqlarına da söz yox. Bu hadisədən sonra hansı üzlə Prezidentdən diqqət, qayğı istəyək? Hansı ki, mənim hələ də Jurnalistlər üçün tikilən 3-cü binanın təyinatı üzrə paylanmasına ümidim itməyib. Fikrimcə bu hadisə medianı yuxarıdan idarə edənlərə bir görk olmalı, təlimləri artırıb hər kəsi daha yaxından tanımalı, yuxarıdan gələn siyahı ləğv edilməli, hər kəsə fərdi əməyinə, əməlinə görə qiymət verilməlidir. Bax, o zaman hər birimiz ürəklə deyəcəyik ki, media siyasəti uğurla, şəffaflıqla davam edir. Bizə Şəhid adından istifadə edib, hadisəni dramatikləşdirən ikiüzlü, sözbaz media nümayəndəsi lazm deyil, hansı ki, bir vaxtlar da ayaqyolunda divarın o tayından eşitdikləri qadın deyişməsini stolda stəkan davası kimi təqdim edib, səfərin əsas əhəmiyyətini kölgədə saxlaya bilmişdilər.
Medianın şəffaf fəaliyyətinə tezliklə hamımızın şahid olması və səfər zamanı üçüncü “kapitan davası” olayı oxumamaq diləyi ilə, hamımızın Milli Mətbuat Günü mübarək!
Elnurə Abuşova