Azadmedia.az Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin maraqlı tarixi yazısını təqdim edir 1905-ci ilin məşhur erməni-müsəlman (türk) müharibəsinin 1920- ci ildə guya bolşeviklər tərəfindən aradan qaldırılmasından sonra bolşevik-daşnaq ittifaqının işbirliyi nəticəsində ermənilərin, yeni formada Azərbaycan Respublikasının idarəçiliyini ələ keçirməsi, onların uzun illər savaş apardıqları Azərbaycan türklərindən yeni biçimdə qisas alması üçün bəhanə olmuşdur. Rus və erməni müttəfiqliyindən yaranan dəhşət serialları ümumtürk dünyasına qarşı yönələn tarixi ədavətin və gizli siyasətin xarakterindən irəli gəlmişdir. Hələ Rus imperiyasına İran və Türkiyə arasında sünni-şiə məzhəb ayrılığı faktorunu qabardaraq qarşıdurma yaratmağı əmr və vəsiyyət edən I Pyotr dünya ağalığı ideyasını əsaslandırmaqla bərabər, özündən də əvvəl ona gələn türk xalqlarına nifrət sindromunu büruzə vermişdir. Xatırladaq ki, I Pyotr zamanında İran minillik türk hakimiyyətinin qanuni varisi olan Səfəvilərin əlində idi. Nəinki farslar o zaman İranda hakim sülalə deyildilər, hətta 300 il daha sonra da, yalnız zəndilərin I nümayəndəsi Kərim xan Zəndin 19 illik dağınıq hakimiyyəti istina olmaqla bu ölkədə hakim olmamışdılar. Yalnız Pəhləvilərin 1925-ci ildə hakimiyyəti ələ keçirməsi nəticəsində farslar İranda hakim mövqeyə çıxmış və tarixi öz xeyrlərinə saxtalaşdırmış, demoqrafiq göstəricilərdə zaman-zaman fars əhalisinin üstünlüyünü sübut etməyə çalışmışlar. Türk xanədanlarının minillik hakimiyyətindən sonra pəhləvilərin hakimiyyəti ələ keçirməsi mövcud durumu farsların xeyrinə dəyişmişdir. Buna baxmayaraq bu gün də İranda Azərbaycan və İran türkləri üstünlük təşkil etməkdədir. Beləliklə, rus, erməni, fars gizli ittifaq birliklərinin müsəlmanlara və türklərə qarşı apardığı sözün bütün mənalarında səlib yürüşü öz kritik həddinə çatmışdır. Bu zamanın qaranlıq məqamlarına işıq salan böyük milli öndərimiz, şərqdə ilk türk-müsəlman respublikasının banisi M.Ə.Rəsulzadə “Azərbaycan cümhuriyyəti” əsərində yazırdı ki, Hökumətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan əmələ ilə xaricdən gələn yabançılara verdilər.
Yeni qurulan kommunist-sovet idarəçiliyinin yalnız ölkənin əsas əhalisi olan türklərə qarşı yönəli bir cəza aparatı olduğunu, təmsilçilikdə bir qayda olaraq türk olmayanların, xüsusilə də türkə qarşı nifrət yükü daşıyanların olduğunu yana-yana, təkrar-təkrar ürək ağrısı ilə dünyaya bəyan edən Məhəmməd Əmin bəy mülahizələrinin fakta əsaslandığını göstərmək üçün o zaman “Kommunist” qəzetində dərc olunan dövlət məmurlarının siyahısını da diqqətə çatdırırdı. Başda S.M.Kirov olmaqla olmaqla birinci şəxsdən ən xırda vəzifə sahibinə kimi bütün məsul işçilərin özgə millətlərin-xüsusilə də türk olmayan millətlərin nümayəndələrindən təşkil olunması o zamanın acınacaqlı durumundan xəbər verir. M.Ə. Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində də bu dəhşət doğurucu vəziyyətə toxunmuşdu: “Bir-iki müsəlman komissarın pərdəsi altında bütün idarə işləri təmamilə Rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti guya ki, Azərbaycan Kommunist partiyası idarə edirdi. Halbuki, bu partiyanın dayandığı həqiqi qüvvə əksəriyyətdə yabançı və xristian işçidən təşəkkül edən Bakı Sovetindən ibarətdir. İmzanı nərimanlar, əliheydərlər atırsa da, hökmləri mikoyanlar, corayevlər və salovyovlar verirdilər”.
M.Ə.Rəsulzadənin bu məlumatlarında heç bir ziddiyyət yoxdur. Rusiya bolşevikləri heç zaman ehtiyatı əldən verməmiş, Azərbaycanın nəinki milliyətçi məfkurəli şəxsiyyətlərinə, heç öz bolşevik yoldaşlarına belə inanmamışlar. Onlar hər zaman türk ideoloji xəttinin gizli və aşkar şəkildə davam edəcəyini güman etdiklərindən bu hərəkatın qarşısını almaq üçün ən qanlı vasitələrə əl atmaqdan çəkinməmişlər. Məhz Rəsulzadənin qeyd etdiyi kimi gah formal şəkildə “azərbaycanlı” dedikləri şəxsləri öz məqsədlərinin oyuncağına çevirmiş, gah da onları tələf edərək yerlərini açıq-aşkar rus və s. rusyönümlü xalqların nümayəndələrinə vermişlər. Bu barədə M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan tarixi” adı ilə tanınan tarixi məruzəsində də geniş fikirlər söyləmişdir. O, R.Axundovun, Ə.Qarayevin, D.Bünyadzadənin, N.Nərimanovun, S.M.Əfəndizadənin və digər yüksək çinli partiya funksionerlərinin ruslara xidmət göstərmələrinə baxmayaraq “Musavat əlaltısı”, “pantürkist”, “panislamist” və s. eybəcər cəllad şüarları ittihamlarıyla məhv edildiyini göstərmiş, 1937-ci ili isə bu faciəni yaşayanların “Azərbaycanda qətl ili” adlandırmasını diqqətə çatdırmışdır.
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent e-mail: atif.islamzade@mail.ru Əsas Qaynaqlar:
1. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990.
2. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.