AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ örpəkli Şahdağdan yaşıl donlu Şahdağa dönüş - REPORTAJ

  • + A
  • - A
  • 2-07-2023, 19:20

    Ağ örpəkli Şahdağdan yaşıl donlu Şahdağa dönüş - REPORTAJ

    Düzü, Şahdağ Turizm Mərkəzinə səfərə dəvət alanda ürəyimdən keçdi ki, yayda gedib Şahdağda neyniyəcik?
    Bu qış 2 dəfə bu möhtəşəm Turizm Mərkəzində olmuşdum. İlk dəfə hər tərəf ağ örpək, kanatla ən hündür zirvəyə qalxanda peşəkar dağ xizəkçilərinin çox sürətlə sürüşmələrinə şahid olmuşdum, buz meydançasında, öyrənmək istəyənlərin yıxıla-yıxıla öyrənməyə çalışması xüsusi zövq verirdi.
    İkinci səfərim sırf dağ-xizək yarışlarına şahidlik etmək üçün olmuşdu. Qısası, Şahdağ Turizm mərkəzini qarsız təsəvvür etmirdim.
    Bu sətirləri yazanda ürəyimdən keçirirəm ki, nə yaxşı ki, mənə bu gözəl məkanı yaşıl donlu görmək nəsib oldu. Elə ürəyimdəcə təşkilatçılara təşəkkürlər də yağdırıram.

    Yayda Şahdağa getməyin ilk üstünlüyünü yolların sürüşkən olmadığını görməklə başlayırsan. Çatanda ətrafını yaşıl donlu dağların əhatələməsi xüsusi zövq verir.
    “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32 km məsafədə, Şahdağ Milli Parkının yaxınlığında, dəniz səviyyəsindən 1435 - 2552 m. yüksəklikdə yerləşir.
    “Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşdığı ilk nöqtədir. Bu ərazidə 363 yerlik avtomobil dayanacağı, həmçinin qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası istifadəyə verilib.
    “Şahdağ” Turizm Mərkəzində 17 kanat yolu, müxtəlif çətinlik dərəcəsində olan 27 yamac və xizək məktəbi, 5 hotel, iaşə obyektləri, açıq və qapalı məkanlarda müxtəlif əyləncələr qonaqların xidmətindədir. Xüsusi ərazini qarla təmin etmək üçün 449 qar generatoru fəaliyyət göstərir. Ötən il 4-cü mərhələ üzrə çətinlik dərəcəsi qırmızı olan, uzunluğu 6 km dən artıq yeni yamac istifadəyə verilib. Bu 2552 m hündürlükdə olan ən yüksək nöqtədir. Hazırda 4-cü fazanın istifadəsindən sonra Mərkəzdəki xizək sahəsi 29 km-ə yaxın bir məsafəni əhatə edir.

    Büdcənizə uyğun hotellərdə qala bilərsiz. Ən ucuz 2 nəfər üçün Qaya hotelində gecələmək səhər yeməyi daxil 100 manatdır. Sonra xidmətə görə qiymətlər də dəyişir. Mətbəxlə təchiz edilən hotellər də var, bazarlıq edib özünüz yemək hazırlaya bilərsiz, ucuz başa gələcək.

    Səfər zamanı Mərkəzin direktoru Rüstəm Nəcəfovdan öyrənirik ki, kampla gəlib gecələmək imkanınız da var, gələcəkdə Şahdağ Turizm Mərkəzi özü də kamp və çadırların sayını artıracaq.

    “Şahdağ” Turizm Mərkəzinin ərazisində 5 hotel fəaliyyət göstərir. Bunlar 5 ulduzlu Pik Palace və Park Chalet, 4 ulduzlu Shahdag Hotel & Spa, 3 ulduzlu Zirvə Hotel və apartament tipli “Gaya Residences Shahdag” hotelləridir.
    -Pik Palace hotel - 163 lüks otaq və suit otaq,
    -Park Chalet hotel - 164 eleqant otaq,
    -Shahdag Hotel & Spa -172 qonaq otağı, Ovdan Spa mərkəzi,
    -Zirvə hotel – 40 standart və 3 lüks otaq
    -Ailə apartamenti olan Gaya Residences Shahdag 18 otaq.
    Adrenaleni bol attraksionlar üçün Şahdağ Turizm Mərkəzi vazkeçilməzdir.
    Ən ucuz atraksion uşaqlar üçün əyləncələrdir, 5 manatdan başlayır.

    Ən bahalı paraşütlə səyahətdir, 150, 200, 250 manata təklif olunur məsafədən asılı olaraq.

    2 nəfərlik kanatla 1 nəfər üçün 15 manat ödəməklə yaşıl yamacların göydə seyrinə çıxa bilərsiz.

    8 nəfərlik kanatıarın məsafəsi daha uzundur və ən yüksək zirvəyə qalxır. Bunun üçün hərəniz 18 manat ödəməlisiz.

    18 manatlıq kanatlarla səhər səyahətə çıxsaz, zirvədə olan duman sizə buludların arasında olduğunuzu hiss etdirəcək.

    Kanatla aşağı enəndə 2 hissəyə ayrılan göl aydın görünür. Bir həftəyə istifadəyə veriləcək. Mavi görünən çimərlik üçün, yanındakı katamaran üçündür.

    Özüm istifadə etdiyim əyləncəli, adrenalini bol attraksionlar barədə məlumat verirəm ki, təəssüratı da rahat bölüşüm. Siz Şahdağ Turizm Mərkəzinə səyahət etsəz, yaxud saytlarına daxil olsaz, göstərilən xidmət çeşidlərinin hər biri haqqında ətraflı məlumat var.









    Böyüklər və uşaqlar üçün kvadrotsikl, müxtəlif hündürlüklərdən paraplanla uçuş, payntbol, oxatma, seqvey, əyləncəli və ekstrimal off-raud turlar, zipline, bobkart, batut, atla gəzinti, velosiped və digər əyləncələri qeyd edə bilərəm.



    Mənə görə adrenalini bol olanlar siyahısında ilk yeri Amerika qonkaları tutur - “Shahdag Roler Goaster”. Gediş və dönüş 1 nəfər üçün 35 manatdır. 2 nəfərlikdi, tək-tək də minə bilərsiz. Üzüyuxarı qalxanda heçnəyə toxunmadan gedirsiz, bolluca çəkiliş edə bilərsiz. Qayıdanda sizi dolambac yollarda bol həyəcan gözləyir. Telefonları, eynəyi, papağı, çantanıza qoymaq məsləhətdir, çünki əlləriniz əyləcin üstündə olacaq.

    Sonrakı yeri həyəcanına görə zıplayn tutur. Belinizdən qarmaqla simə bağlanacaqsız və simlə havada mənzil başına doğru gedəcəksiz. 1 gediş 12 manat, gediş-dönüş 22 manatdır.


    Peşəkar bələdçilərin müşayəti ilə təşkil edilən kvadrosiklla dağ yürüşü 170 manatdır. Bələdçilərlə 10 dəqiqəlik yürüşlər 1 nəfər üçün 20 manatdır. Məni müşayiət edən bələdçi-sürücü ilə söhbət zamanı öyrənirəm ki, onlar qışda xizək sürənlərdir. Deyir 5 gün gündə 2 saat xizək sürməyi öyrənsəz, 6-cı gün rahat sürəcəksiz. Turistlər barədə soruşuram. Deyir ərəblərin adı çıxıb, ən kobud turistlər ingilislərdir, mədəniləri isə ruslardır.
    Dərə-təpə yollarla 10 dəqiqə 1 saat görünür. Yolboyu növbənöv bitkilər, çiçəklər göz oxşayər. Yəqin gələcəkdə o müalicəvi, ətirli bitkilər paketlənib turistlərə təqdim ediləcək.

    Havaların isti keçməsi sizi arxayın salmasın, Şahdağda axşamlar çox sərin keçir. Mürləq yüngül yaz-payız geyimləri istifadə edin.
    “Main plaza” adlanan ərazidə qonaqlar Park Cinema kinoteatrından, boulinq zalından, uşaqlar üçün oyun avtomatlarıından, açıq havada festivalların və konsert proqramlarının keçirilməsi üçün xüsusi ərazidən istifdə edə bilərlər.
    Turizm Mərkəzinin ərazisində 24 restoran və bar fəliyyətdədir. Onların bəziləri hotellərdə, digərləri isə kompleks ərazisində xidmət göstərir
    Axşamlar açıq havada əyləncələr turistləri gözləyir. Bizim bəxrimizə Dervish-Band qrupunun konserti düşmüşdü.

    Çox yaza, çox vəsf edə bilərəm, yaxşısı budur, gedin, öz gözlərinizlə görün. Peşiman olmayacaqsız, sadəcə cibinizə çoxlu pul qoyun.
    Elnurə Abuşova,
    BAKI-QUSAR-BAKI


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR