25 dekabr tarixində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına təşkil edilən iki günlük “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunda iştirak edən media nümayəndələrindən biri kimi Naxçıvandan zəngin təəssüratlarla qayıtmışam. Bütöv səfəri bir reportajda yazıb həm adiləşdirmək istəmədim, həm də oxucularımı yormaq. Odur ki, istirahətə zaman ayırmasaq da tarixi abidələrlə bol qədim mistik diyarımız Naxçıvanla bağlı 2 gün ərzində gəzdiyimiz, görməyə çalışdığımız yerlər barədə hissə-hissə yazmaq qərarına gəldim.
I YAZI
Ordubad - Azərbaycanın incisi
“Ulu Öndər Heydər Əliyevin izi ilə” turu Ordubadı görmədən olmazdı. “Ordubad Azərbaycanın incisidir” sözlərinin müəllifi Ulu Öndər Heydər Əliyevdir və hər bir ordubadlı söz düşəndə qürurla yad edir Ümummilli Liderin sözlərini.
Ordubad Muxtar Respublikanın böyüklüyü və əhəmiyyətinə görə ikinci böyük şəhəridir. Maili istiqaməətdədir. Bunun da üstün cəhəti su axır, qalmır. Təmiz şəhərdir. Ordubad məktəbllilərinin əksəriyyəti rusca çox gözəl danışır. Rusiya ilə əlaqələr geniş olduğu üçün, uşaqlıqdan öyrənirlər. Ordubadlılar ticarətə çox meyllidilər.
Araz çayının sol sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən rayon Ermənistan və İranla həmsərhəddir. Culfanı keçəndən sonra yolboyu İranla sərhədin tikanlı məftilləri qəlbimizi dəlir…
Mərkəzdən axan Ordubadçay şəhəri iki hissəyə bölür. Zəngəzur dəhlizinin ən önəmli ərazisi olan rayonun sərt continental iqlimi var. Yayda Naxçıvanın ən sərin yeri hesab olunsa da, qışı sərt keçir. Memarlığ üslubu və 100-dən çox tarixi-arxeoloji abidələrinə görə 1977-ci ildə Qoruq şəhər elan edilib.
Ordubadın küçələrini gəzdikcə sanki Şəkini gəzirsən, 750 yaşı olan çinarı isə İsmayıllının Basqalını xatırladır. Dadlı meyvə-tərəvəzləri ilə məşhur olan bu diyar başdan-başa canlı tarixdir.
Səfərimiz Qeysəriyyə binası ilə başladı. Qeysəriyyə örtülü Şərq bazarı deməkdir. Muzey kimi fəaliyyət göstərn bina Şah Abbas dövrünün yadigarıdır. Uzun müddət qızıl bazarı kimi fəaliyyət göstərib. Sonra zorxana kimi fəaliyyət göstərib. Binanı Şah Abbas həyat yoldaşının adına tikdirib. Bina 2 dəfə restavrasiya olunub. Çox zəngin arxivi, eksponatları var. Həyətində daş heykəllər, muzeydə saxlanan Qobustan qaya rəsmlərinin eynisini xatırladan daş parçası kəndin nə qədər qədim dövrə aid olmasından xəbər verir. Şah Abbasın ən sevimli məkanı olub Ordubad. Səfərə gedərkən ordubadlılara - mən gələnə qədər Ordubadı təslim etməyin - tapşırığını verən şah geri qayıdanda Ordubad əhalisinin sadiqliyini, sözünə dürüstlüyünü görüb, mükafat olaraq onları vergidən azad edib.
Vergidən azad olunma xəbərinin oxunduğu Cümə Məscidi də Qeysəriyyə ilə üz-üzədir. Hər iki bina restavrasiya edilib.
Ordubadın məhəllələrini gəzərkən fəaliyyətini dayandıran, hazırda istifadəsiz qalan ikimrtəbəli ipək fabriki və həmin küçə boyunca dağılan, boş qalan sahibsiz evlər Ordubadın qəlb yarasına bənzəyir.
Yerli əhali ilə söhbət zamanı məlum olur ki, çoxu vərəsəsi olmayan sakinlərin evidir. Kənd əhalisinin əsas dolanışığı Rusiyada və Türkiyədə çalışan ailə üzvlərinin dəstəyi hesabınadır. Yerdə qalanlar kasıb təbəqələrdir. Onların cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına təyin etdiyi səlahiyyətli nümayəndəsi Fuad müəllimdən gözləntiləri çoxdir. Onun gəlişi ilə sanki sakinlərdə ümid yaranıb. Onlar inanr ki, Fuad məllimin dəstəyi ilə Ordubadda vaxtilə fəaliyyət göstərmiş konserva zavodu və ipək fabriki yenidən işə düşəcək, neçə sakin bu müəssisələrdə işlə təmin olunacaq. Ordubad sakinləri biləndə ki, bizi Dövlət Turizm Agentliyi gətirib səfər üçün, dogma rayonlarının tezliklə dirçəlib ən məşhur turizm məkanına çevriləcəyi xəbərinin reallıqlarını yaşadılar sanki. Bütün evlərdə kəhrizə bənzər quyu var. Bir sakin su işlədir, qalanı turba ilə qonşuya gedir. Küçələrdə tez-tez su borularına və onlardan evlərinə su daşıyan sakinlərə rast gəlmək olur.
Naxçıvan Muxtar Respublikası Turzm Departamentinin əməkdaşları söhbət zamanı bildirdi ki,“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli şəkildə təşkilinə imkan verəcək. Proqrama əsasən gələn ildən Ordubadda mühüm infrastruktur layihələri reallaşdırılacaq. Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni otel kompleksi tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla, orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq.
Naxçıvan Muxtar Respublikasının səlahiyyətli nümayəndəliyinin media üçün verdiyi məlumatda da Ordubadla bağlı suallara cavab özünü çox gözlətmədi.
Dövlət Proqramına əsasən Ordubad şəhərində inşa olunacaq Şəhidlər Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri əbədiləşdiriləcək. Bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası, yeni istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa olunacaq, qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər inşa ediləcək. Bütün bunlar əhalinin rifah halını yüksəldəcək.
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsinin icrasına başlayan ötən dövrdə aparılan vətəndaş qəbulları nəticəsində qlobal istiləşmə zəminində muxtar respublikada əhalinin ən çox əziyyət çəkdiyi problemlərin əsasında içməli su təminatının dayandığı müəyyən edilib. Naxçıvanda bu baxımdan ən çox əziyyət çəkən 12 yaşayış məntəqəsi müəyyənləşdirilib və mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün iş aparılır. Bu yaşayış məntəqələri sırasında Ordubadın Düylün kəndi də var.
…Ordubad deyildiyi qədər də varmış. Üstüpü lobyası ilə maş şorabalarından yeməsən, qoz mürəbbəsi ilə çaylarından içməsən, düz sayılmaz.
Ordubad sakinləri bizi yazda və yayda Ordubada dəvət etdilər, cənnəti görmək üçün. Naxçıvan Muxtar Respublikasının bütün qurumları ilə əlaqələr qurulur, xəbər mübadiləsi intensivləşir. İnşallah, Ordubadın yaz-yay turizmi ilə tanışlığına da gələrik.
Hələlik, Ordubad, görüşənədək. İnanıram ki, növbəti dəfə gələndə sahibsiz qalmış, dağılmaq üzrə olan evlər təmir edilib ən müasir qonaq evləri kimi turistlərinin yolunu gözləyəcək.Elnurə Abuşova,
Naxçıvan-Ordubad