Prezident İlham Əliyevin Gədəbəy və Şəmkir rayonlarına səfəri - YENİLƏNİB - FOTO
Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı.
Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan "Şəmkir Aqroparkı"nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.
Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.
Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan "determing room" qurğusu da var. Mərkəzdə, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.
Dövlətimizin başçısına aqroparkın "Ceyrançöl" massivi ərazisində yerləşən hissəsində görülən işlər barədə də məlumat verildi. İri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb. Aqropark üçün "New Holland" markalı 10 müasir traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlığı lizinq yolu ilə alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016 kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə böyük gücə malik elektrik yarımstansiyası və 6 transformator quraşdırılıb, ümumilikdə 35 kilometr uzunluğunda elektrik xətti çəkilib. İki üzən ponton üzərində 3 yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın "Lindsay" şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatı və avadanlığı quraşdırılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
"Ceyrançöl"də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar olmaqla, ümumilikdə, 4600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3 min hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. İntensiv bağçılığın yaradılması məqsədilə isə 2400 hektarda damcılı suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 min ton məhsul istehsalı gözlənilir. Pivotaltı sahəyə qarşıdakı illərdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30 min tonluq taxıl anbarı kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kameranın yaradılması nəzərdə tutulur. Səkkiz min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın "John Deere" şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnika və avadanlığının alınması da planlaşdırılır. Nəticədə 5 min daimi, 1500 mövsümü iş yeri yaradılacaq. "Ceyrançöl"də salınacaq bağçılıq təsərrüfatının məhsulları "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib.
Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə "bir pəncərə" sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, "Atabank" kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək.
"Şəmkir Aqroparkı"nın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir.
Diqqətə çatdırıldı ki, "Şəmkir Aqropark"nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 179 nəfər çalışır. Orta aylıq əməkhaqqı 600 manatdır. Bu ərazidə 2-ci mərhələdə müasir istixana kompleksi, şitilçiklik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
----------
14:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, "Azərxalça" ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara "Azərxalça" ASC-nin sertifikatı veriləcək. Satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
---------
13:33
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.
Bu gün artıq hamıya məlumdur ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının "Turmaks" firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına səyyar hospital barədə məlumat verildi. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açılaraq dövlətimizin başçısına təqdim edilən bu Mobil Səhra Cərrahiyyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Həmçinin hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş havalandırma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər nəzərdə tutulub.
----------
13:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzin binasında yaradılmış stendlərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotolar yer alıb.
"Azərişıq" ASC-nin sədri Baba Rzayev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq.
Prezident İlham Əliyevə respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olundu.
Dövlətimizin başçısı sistemi işə saldı.
Şəmkir şəhər elektrik şəbəkəsinin tamamilə yenidən qurulması və şəbəkənin avtomat idarəetmə və nəzarət layihəsi tam hazır vəziyyətə gətirilib, həmçinin Şəmkir Elektrik Şəbəkəsinin yeni ofis binasında bu prosesin aparılması üçün bütün şərait yaradılıb. Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin yeni binasında işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Mərkəzin binasının ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Prezident İlham Əliyevə Şəmkir Elektrik Şəbəkəsində son illərdə görülən işlər barədə də məlumat verildi. Son iki il yarım ərzində şəbəkənin xidməti ərazisində bir sıra vacib işlər görülüb. Rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumilikdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumilikdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Ümumilikdə, "Azərişıq" ASC dövründə Şəmkir Elektrik Şəbəkəsində 16 kilometr uzunluğunda 35 kV-luq, 126 kilometr uzunluğunda 6-10 kV-luq, 130 kilometr uzunluğunda 0,4 kV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 sayğac dəyişdirilib, 1846 yeni sayğac quraşdırılıb.
-----------
12:54
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var.
Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.
Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.
Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey"də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
----------
12:43
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.
Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
---------
12:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.
-----------
12:01
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Məlahət Əliyeva və Tofiq Mirzəyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Prezident İlham Əliyev "Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.
Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirildi ki, Gədəbəy şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. "Azərsu" ASC hazırda şəhərin 10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Gədəbəy şəhərində kanalizasiya sistemi isə indiyə qədər mövcud olmayıb.
Prezident İlham Əliyev Gədəbəy şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
11:43
Avqustun 20-də Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında və ölkədə bütün sahələrin canlanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Ulu Öndərin zəngin və çoxşaxəli siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.
Orijinallığı ilə Gədəbəy şəhərinin gözəlliyini daha da artıran Heydər Əliyev Mərkəzinin yaradılması ilk növbədə, gədəbəylilərin dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını nümayiş etdirir. Mərkəzdəki fotoşəkillər və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.
Məlumat verildi ki, ümumi sahəsi 3500 kvadratmetrdən çox olan Heydər Əliyev Mərkəzinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur.
Rəqs zalının, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 242 yerlik konfrans zalı da var. Bundan əlavə, Mərkəzdə rəsm, foto və poliqrafiya studiyaları, heykəltaraşlıq dərnəyi, intelektual oyun otağı, saz emalatxanası, həmçinin ingilis, rus və fransız dilləri kabinetləri, o cümlədən ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək.
Son illər respublikamızda yeni ailə quran gənclərin Heydər Əliyev mərkəzlərində nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Gədəbəydəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikaha daxil olmaq istəyən gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi aparılacaq və onlara tibbi arayışlar veriləcək.
11:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni "Gədəbəy" elektrik yarımstansiyasının açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq "Gədəbəy" yarımstansiyasından əlavə 35/10 kV-luq "Gədəbəy" adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq "Gədəbəy" yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.
Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.
Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni "Gədəbəy" yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün "Zəyəm" yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq "Gədəbəy-Saratovka" hava xətti tam yenidən qurulub. Ümumilikdə "Gədəbəy" yarımstansiyasından 35 kV-luq "Saratovka" və "Mədən", həmçinin 10 kV-luq "Söyüdlü", "Arıxdam", "Ticarət mərkəzi" hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.
Qeyd edildi ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi "Azərişıq" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək "Azərişıq" ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.
10:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də "Gədəbəy Mineral Suları" MMC-nin limonad zavodunun açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.
Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.
<!--TBegin:http://aztb.info/uploads/posts/2017-08/1503238095_574259_103.jpg|left--><