AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TAYLAND-KAMBOCA ATƏŞKƏS RAZILIĞI UZUN ÇƏKMƏDİ

  • + A
  • - A
  • Bu gün, 08:15

    TAYLAND-KAMBOCA ATƏŞKƏS RAZILIĞI UZUN ÇƏKMƏDİ

    Tailand və Kamboca arasında sərhəd boyu beş gün davam edən qanlı toqquşmalara son qoymaq üçün tərəflər "dərhal və qeyri-şərtsiz" atəşkəs barədə razılığa gəliblər. Razılaşma ASEAN-ın təşəbbüsü ilə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən fövqəladə görüş zamanı əldə olunub. Görüşə Malayziya Baş naziri Anvar İbrahim sədrlik edib.

    Tərəflər arasında aparılan birbaşa və açıq müzakirələrdən sonra yayılan birgə bəyanatda bildirilir ki, atəşkəs yerli vaxtla çərşənbə axşamı gecə yarısından qüvvəyə minəcək. Tailandın müvəqqəti Baş naziri Phumtham Veçayaçay və Kamboca Baş naziri Hun Manet görüşün sonunda razılaşmanı elan edərək qarşılıqlı əl sıxıblar.

    Anvar İbrahim bildirib ki, hər iki ölkənin hərbi və mülki nümayəndələri yaxın günlərdə sərhəddə sabitliyi bərpa etmək və yeni insidentlərin qarşısını almaq üçün bir araya gələcək. Eyni zamanda, Malayziya, Tailand və Kamboca arasında yeni nəzarət və monitorinq mexanizminin hazırlanması üçün xarici və müdafiə nazirlərinə göstəriş verilib.

    Münaqişə ötən həftə sərhəddə baş verən mina partlayışı nəticəsində 5 tailandlı əsgərin yaralanmasından sonra alovlanıb. Hər iki tərəf toqquşmalara görə bir-birini günahlandırır. Beşgünlük qarşıdurma nəticəsində azı 35 nəfər həlak olub, 260 mindən çox insan isə evlərini tərk etməyə məcbur qalıb. Tailand bütün sərhəd keçid məntəqələrini bağlayıb, yalnız Kambocaya qayıdan miqrantlar üçün istisna yaradılıb.

    Sülh razılaşmasının əldə olunmasında beynəlxalq vasitəçilik də mühüm rol oynayıb. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə platforması Truth Social-da verdiyi açıqlamada, Tailand və Kamboca rəhbərləri ilə birbaşa danışdığını bildirib. Tramp yazıb: “Tailandın müvəqqəti Baş naziri və Kamboca Baş naziri ilə danışdım. Prezident Donald J. Trampın iştirakı ilə hər iki ölkə ATƏŞKƏS və SÜLH barədə razılığa gəldi. Hamını təbrik edirəm! Bu müharibəyə son qoyaraq minlərlə insanın həyatını xilas etdik. Ticarət komandama danışıqları yenidən başlamağı tapşırdım. Cəmi altı ayda bir çox müharibəni dayandırdım – Mən SÜLH Prezidentiyəm!”

    Atəşkəsə Çin də dəstək göstərib. Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib ki, Çin neytral və ədalətli mövqe sərgiləyəcək, eyni zamanda Kamboca və Tailand ilə sıx təmasda qalacaq. Çin, regionda sülh və sabitliyin bərpasını hər iki ölkənin fundamental maraqları kimi qiymətləndirir.

    Atəşkəs xəbərini eşidən minlərlə insan, xüsusilə də Tailandın Surin vilayətindəki evakuasiya mərkəzlərində yerləşən ailələr, sevinc və ümid hissi ilə reaksiya veriblər. Yerli satıcı Bualee Çanduang “Bu çox əla xəbərdir! Biz qalib gəldik!” deyərək duyğularını ifadə edib. Evakuasiya olunmuş digər sakinlər isə evlərinə, torpaqlarına və əkin sahələrinə qayıtmaq istədiklərini bildiriblər.

    Tayland ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.

    Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi Tayland ordusunun sözçüsünə istinadən bildirib.

    "Atəşkəs elan edildikdən sonra, Fu Makua bölgəsində Kamboca tərəfinin yaratdığı iğtişaşlar iki tərəf arasında bu gün səhərə qədər davam edən atışma ilə nəticələndiyi barədə məlumatlar daxil olub", - deyə Tayland ordusunun nümayəndəsi Ritç Suksuvanon qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR