D.Tramp V.Zelenski görüşünün detalları
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İki liderin təkbətək danışıqlarından sonra, Avropa İttifaqı və NATO rəhbərlərinin də qatıldığı geniş formatlı müzakirələr keçirilib.
Danışıqların əvvəlində Tramp və Zelenski jurnalistlərin qarşısına çıxaraq müzakirələrin konstruktiv və səmimi şəraitdə keçdiyini bildiriblər. Fevral ayında baş tutan sonuncu görüşlə müqayisədə bu dəfə Oval ofisdə daha sakit və mehriban atmosfer müşahidə olunub. Zelenski, həyat yoldaşının məktubunu Tramp vasitəsilə ABŞ-ın birinci xanımı Melaniya Trampa təqdim edərək, müharibədən əziyyət çəkən uşaqlar mövzusunda dəstəyə görə təşəkkür edib.
Görüşdən sonra Tramp və Zelenski Avropa liderləri ilə birlikdə ailə fotosu çəkdirib. Tədbirdə NATO Baş katibi Mark Rutte, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stub iştirak ediblər. Ukrayna lideri həmçinin əvvəlki görüşdən fərqli olaraq, hərbi geyimdə deyil, kostyumla iştirak edib ki, bu da Trampın narazılıqlarını yumşaltmaq üçün atılan addım kimi dəyərləndirilir.
Tramp tərəfdən görüş zamanı nümayəndə heyəti səssiz müşahidəçi qismində iştirak edib. Vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkof Oval kabinetdə danışıqları izləyiblər. Əsas mövzular isə təhlükəsizlik zəmanətləri, müharibənin dayandırılması imkanları və ABŞ-ın potensial rolu olub.
Prezident Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi hələ də müzakirə mərhələsindədir. O, NATO ölkələri ilə paralel addımlar atılacağını, lakin bunun Ukraynanın alyansa qoşulması anlamına gəlməyəcəyini diqqətə çatdırıb. Xüsusi elçi Vitkof bu zəmanətləri NATO-nun 5-ci maddəsinə bənzər bir mexanizm kimi xarakterizə edib.
Müzakirələrdə ən diqqətçəkən məqam Trampın ABŞ qoşunlarının gələcəkdə Ukraynada sülhün təminatı üçün iştirakını tamamilə istisna etməməsi olub. Bu isə onun əvvəlki xarici hərbi müdaxilələrə qarşı ritorikasından müəyyən uzaqlaşma kimi qiymətləndirilir.
Bununla yanaşı, Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. O, həmçinin Putinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyündən danışıb. Trampın sözlərinə görə, belə bir format sülhün əldə olunması üçün real şans yarada bilər.
Trumpdan sonra söz alan Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışında hamının əsas arzusunun müharibənin bitməsi və Rusiyanın təcavüzünün dayandırılması olduğunu bildirib. Zelenski ABŞ-ın təhlükəsizlik zəmanətləri mövzusunda verdiyi güclü siqnalı xüsusi olaraq önə çəkib.
“Bu, Donald Trump-la indiyə qədər apardığımız ən yaxşı söhbət oldu,” – deyə Zelenski qeyd edib. O, həmçinin Ukraynanın ABŞ və Rusiya ilə birlikdə trilateral görüşə hazır olduğunu bəyan edib.
Görüş zamanı Zelenski Ukraynanın təhlükəsizlik üçün hər cur dəstəyə – silah, təlim, kəşfiyyat və texniki resurslara ehtiyac duyduğunu bildirib. O, xüsusilə ABŞ-dan alınan “Patriot” sistemlərinin əhəmiyyətini vurğulayıb. Yeni NATO proqramı çərçivəsində Avropa ölkələrinin ABŞ silahlarını alaraq Kiyevə ötürməsi mexanizmi də müsbət qarşılanıb.
Maraqlı məqamlardan biri isə Trampın atəşkəs məsələsinə yanaşması olub. O, atəşkəs ideyasını insan tələfatının dərhal dayandırılması üçün əlverişli hesab etsə də, bunun tərəflərdən biri üçün strateji üstünlük yarada biləcəyinə diqqət çəkib. Bu səbəbdən, yalnız genişmiqyaslı sülh sazişinin məqsədəuyğun olduğunu bildirib.
Ağ Evdə keçirilən yüksək səviyyəli görüşdə Avropa liderləri ABŞ Prezidenti Donald Trampa birbaşa müraciətlə çıxış ediblər. Liderlər masanın ətrafında toplaşaraq, həm müharibənin dayandırılması, həm də uzunmüddətli sülhün təmin olunması üçün prioritetləri açıqlayıblar.
NATO Baş katibi Mark Rutte çıxışında Ukraynada davam edən dağıntılara və dinc insanların qırğınlarına diqqət çəkib. O, "Biz qətlləri dayandırmalı, Ukraynanın infrastrukturunun məhvinə son qoymalıyıq. Bu, dəhşətli müharibədir," – deyərək Trampa təşəkkür edib və onun siyasi çıxış yolunu açdığını vurğulayıb.
Avropa Komissiyasının sədri Ursula von der Leyen isə “ədalətli və davamlı sülhün” vacibliyini qeyd edib. O, xüsusilə müharibə nəticəsində ailələrindən ayrı düşən uşaqların geri qayıtmasının prioritet olduğunu bildirib.
Almaniya kansleri Friedrich Merz gələcək danışıqların atəşkəssiz mümkün olmayacağını vurğulayıb. O, “Təsəvvür edə bilmirəm ki, növbəti görüş atəşkəs olmadan keçirilsin. Gəlin bunun üzərində işləyək və Rusiyaya təzyiq göstərək,” – deyə bəyan edib.
İtaliyanın Baş naziri Giorgia Meloni isə əsas müzakirə mövzusunun təhlükəsizlik zəmanətləri olduğunu bildirib. Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə sülhün davamlı olması üçün təhlükəsizlik təminatları mütləq şərtdir.
Fransa Prezidenti Emmanuel Macron isə “robust və uzunmüddətli sülh” üçün trilateral görüşün zəruriliyini qeyd edib. O, bunun yeganə həll yolu ola biləcəyini vurğulayıb.
Böyük Britaniyanın Baş naziri Keir Starmer təhlükəsizlik məsələsinin yalnız Ukraynanı deyil, bütün Avropanı, o cümlədən Böyük Britaniyanın təhlükəsizliyini əhatə etdiyini bildirib.
Finlandiya Prezidenti Alexander Stubb isə görüşün rəmzi məna daşıdığını deyib. O, ABŞ və Avropanın Ukraynaya dəstəyinin birgə platformada təcəssüm olunduğunu vurğulayıb. Stubb, eyni zamanda, ölkəsinin Rusiya ilə uzun sərhədə malik olduğunu və tarixən oxşar təcrübələrdən keçdiyini xatırladaraq, 1944-cü ildə olduğu kimi, 2025-ci ildə də ədalətli və davamlı sülh əldə olunacağına ümid etdiyini bildirib.
Görüşün açıq hissəsi başa çatdıqdan sonra Donald Trump Avropa liderlərinə qapalı formatda müzakirələrin davam etdirilməsini təklif edib. O, liderlərlə birlikdə Oval kabinetə qayıdacaqlarını bildirib.
ABŞ Prezidenti yaxın həftələrdə münaqişənin həlli ilə bağlı müəyyən nəticələrin ortaya çıxa biləcəyini vurğulayıb.
“Düşünürəm ki, Prezident Putin də cavab tapmaq istəyir. Bir və ya iki həftə ərzində biz biləcəyik – bu dəhşətli döyüş davam edəcək, yoxsa problemi həll edə biləcəyik,” – deyə Trump qeyd edib.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında keçirilən görüşün ictimai hissəsi başa çatıb. Lakin tərəflər danışıqları başqa formatda davam etdirmək qərarına gəlib. Ukrayna Prezidentinin sözçüsü Sergey Nıkıforov bildirib ki, liderlər Ağ Evdə qalaraq müzakirələri davam etdirirlər.
CNN-in məlumatına görə, Tramp görüş zamanı qısa fasilə elan edərək Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Avropa liderləri və Zelenski həmin zəngdə iştirak etməyiblər. Almaniyanın “Bild” nəşri xəbər verir ki, məhz bu səbəbdən danışıqlar bir müddət dayandırılıb və Putinlə danışıqdan sonra yenidən bərpa olunub.