AVROKOMİSSİYA ÜZV ÖLKƏLƏRƏ ÇİN AVADANLIQLARINI MƏRHƏLƏLİ ÇIXARMAĞI MƏCBUR EDƏCƏK

Bloomberg News-un yaydığı məlumata görə, Avropa Komissiyası Huawei və ZTE kimi Çin telekommunikasiya nəhənglərinin Avropa İttifaqı üzv ölkələrinin mobil şəbəkələrindən mərhələli şəkildə çıxarılmasını hüquqi öhdəliyə çevirmək istiqamətində müzakirələr aparır. Komissiyanın vitse-prezidenti Henna Virkkunen 2020-ci ildə qəbul edilən və riskli təchizatçıların şəbəkələrdən uzaqlaşdırılmasını tövsiyə edən qərarın icbari qaydaya çevrilməsini təklif edir.
Yeni mexanizm qəbul olunsa, üzv ölkələrin milli infrastruktur qərarlarına birbaşa təsir etməsi və tələblərə əməl etməyən dövlətlər barəsində cərimə prosedurlarının tətbiqi nəzərdə tutulur. Təklif Avropa İttifaqının Çinlə münasibətlərinin gərgin fonunda Pekinlə bağlı təhlükəsizlik risklərini daha kəskin qiymətləndirdiyini göstərir.
Brüssel, həm mobil, həm də sabit xətt infrastrukturlarında Çin avadanlığından istifadənin məhdudlaşdırılması yollarını araşdırır. Komissiya, eyni zamanda, Aİ-nin “Global Gateway” maliyyələşdirməsini Çin təchizatçıları ilə işləyən üçüncü ölkələrə verməmək barədə də düşünür.
“5G şəbəkələrinin təhlükəsizliyi iqtisadi sabitliyin əsas elementidir”, – Komissiya sözçüsü Tomas Renye bildirib. Lakin o, Huawei və ZTE ilə bağlı qadağanın hüquqi detallarını şərh etməkdən imtina edib.
Problemlə bağlı Aİ daxilində fikir ayrılığı davam edir. İsveç və Böyük Britaniya Çin avadanlıqlarını illər əvvəl qadağan etsə də, İspaniya və Yunanıstan kimi ölkələr hələ də həmin texnologiyalardan istifadə edir. Bloomberg-ə görə, Huawei-nin məhdudlaşdırılması ehtimalı Avropalı rəqibləri Nokia və Ericsson şirkətlərinin səhm dəyərinin artmasına səbəb olub.
Telekommunikasiya şirkətləri isə Huawei texnologiyasının daha ucuz və yüksək keyfiyyətli olduğunu əsas gətirərək sərt məhdudiyyətlərə qarşı çıxır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.