Tramp İsraillə Suriya arasında dialoqun vacibliyindən danışıb

ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb.
O, bunu "Truth Social" şəbəkəsindəki hesabında yazıb.
Tramp qeyd edib: "Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın."
O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
Tramp əlavə edib: "Biz əlimizdən gələni edirik ki, Suriya hökuməti planlaşdırılanı davam etdirsin, bu isə əsl və firavan ölkənin qurulması üçün əhəmiyyətlidir. Onlara çox kömək edən amillərdən biri mənim sanksiyaları dayandırmağım oldu – düşünürəm ki, bu, Suriya, onun rəhbərliyi və xalqı tərəfindən səmimi şəkildə qiymətləndirildi!"
ABŞ lideri həmçinin bildirib ki, Suriyanın yeni prezidenti Əhməd Əl Şaraa müsbət dəyişikliklərin baş verməsi və İsraillə uzunmüddətli və firavan münasibətlərə sahib olması üçün ciddi çalışır. Trampın sözlərinə görə, bu, Yaxın Şərqdə sülhün əldə olunmasına töhfə verən tarixi bir fürsətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.