AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SÜLH DANIŞIQLARI FONUNDA ZELENSKİNİN AVROPA ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ SIXLAŞIR

  • + A
  • - A
  • 8-12-2025, 16:31

    SÜLH DANIŞIQLARI FONUNDA ZELENSKİNİN AVROPA ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ SIXLAŞIR

    ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında münasibətlər yenidən gərginləşib. Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Zelenski hələ də Vaşinqtonun təqdim etdiyi sülh planını tam oxumayıb. Onun sözlərinə görə, Ukrayna komandası sənədi müsbət qarşılayıb, amma Zelenskiyin özü hələ mövqe bildirməyib.

    Tramp əlavə edib ki, Rusiyanın bu təkliflə razılaşdığı bildirilir, lakin Ukrayna tərəfinin narahatlıqları qalır. Prezidentin hansı versiyadan danışdığı tam məlum olmasa da, bu açıqlamalar ABŞ və Ukrayna nümayəndələri arasında Mayamidə keçirilən danışıqlardan sonra səslənib. Həmin görüşlər yeni layihə üzərində razılaşma olmadan başa çatıb.

    Müxtəlif variantlardan ibarət sülh planında əsas fikir ayrılığı Rusiya tərəfindən tələb olunan ərazi güzəştləri və Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlıdır. ABŞ-ın Ukrayna üzrə gedən danışıqları koordinasiya edən nümayəndəsi Keith Kellogg prosesin “çox yaxın” olduğunu bildirsə də, Donbasın statusu və Rusiya tərəfindən işğal edilmiş Zaporojye Atom Elektrik Stansiyasının taleyi hələ açıq qalır.

    Zelenski isə danışıqları “çətin, lakin konstruktiv” adlandırıb və bildirib ki, komandası ilə ətraflı məsləhətləşməni şəxsən aparacaq. Onun “bəzi məsələlər yalnız üzbəüz müzakirə oluna bilər” deməsi, tərəflər arasında ehtiyatlı atmosferin davam etdiyini göstərir.

    Proses fonunda Zelenski London, Brüssel və Romaya səfər edir. Avropa ölkələri ABŞ-ın təklif etdiyi bəzən Rusiyanın maraqlarına daha yaxın görünən planlardan narahatdır və Ukraynanın ərazi bütövlüyünün təhlükəyə düşməsini istəmir.

    Londonda Zelenski Britaniya Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Friedrich Merzlə görüşəcək. Avropa ölkələri müharibədən sonra Ukraynanın təhlükəsizliyini təmin edəcək “könüllülər koalisiyası” ideyasını irəli sürür. Lakin Rusiya bu planı qətiyyətlə rədd edir və Ukraynada yerləşdiriləcək hər hansı xarici qüvvəni hədəf adlandırır.

    Hazırda həm ABŞ–Ukrayna, həm də ABŞ–Rusiya danışıqları davam etsə də, tərəflər hələ ortaq məxrəcə gəlməyib. Bu isə yaxın günlərdə Qərb paytaxtlarında keçiriləcək görüşlərin əhəmiyyətini daha da artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR