ABŞ VENESUELA SAHİLLƏRİNDƏ TANKERİ ƏLƏ KEÇİRİB

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü açıqladı ki, Venesuela sahillərində sanksiyaya məruz qalan böyük neft tankeri ələ keçirilib. Tramp, tankerin “indiyə qədər ələ keçirilən ən böyük gəmilərdən biri” olduğunu bildirib və müsadirə olunan neftin taleyinə dair suallara “yəqin ki, özümüzdə saxlayacağıq” cavabını verib.
Venesuela hökuməti isə insidenti sərt şəkildə pisləyib. Karakas yayılan bəyanatda ABŞ-ın addımını “açıq talançılıq” və “beynəlxalq dəniz hüququnun pozulması” kimi qiymətləndirərək məsələni beynəlxalq təşkilatlara çıxaracağını bildirib. ABŞ-ın bu addımı, 2019-cu ildən qüvvədə olan sanksiyalara baxmayaraq, ilk dəfədir ki, Venesuela nefti daşıyan tankerin birbaşa müsadirəsi kimi qeydə alınır.
ABŞ Baş Prokuroru Pam Bondi X platformasında əməliyyata dair görüntülər paylaşıb. Videoda iki helikopterin gəmi üzərinə yaxınlaşdığı və xüsusi təyinatlıların ip vasitəsilə gəmiyə endiyi görünür. ABŞ rəsmiləri gəminin adını açıqlamasa da, beynəlxalq dəniz təhlükəsizliyi şirkətləri müsadirə olunan tankerin daha əvvəl “Adisa” adlandırılan və İran nefti ilə əlaqələndirilən “Skipper” olduğunu bildirir.
Tanker Venesuelanın Xose limanından 1,8 milyon barrel ağır xam neft yükləmiş, daha sonra 200 min barrelini başqa gəmiyə ötürmüşdü. Hadisə neft bazarına da təsirsiz qalmadı: Brent markalı neftin qiyməti qısa müddətdə yüksəlməyə başladı.
Ekspertlər hesab edir ki, Vaşinqtonun bu addımı həm sanksiyaların sərtləşməsi, həm də Tramp administrasiyasının Latın Amerikasında təsirini gücləndirmə siyasətinin bir hissəsidir. Karakas isə bunun Venesuelanın enerji resurslarına nəzarəti ələ keçirmək cəhdi olduğunu deyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.