İran İsraillə baş vermiş 12 günlük müharibədən sonra raket ehtiyatlarını artırıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcəd Musəvi bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri hazırda maksimal döyüş hazırlığı vəziyyətindədir. Musəvi qeyd edib ki, müharibə zamanı dəymiş ziyan tam aradan qaldırılıb və Hərbi-Kosmik Qüvvələrdə istehsal göstəriciləri 2025-ci ilin iyun ayındakı səviyyəni də üstələyib.
Açıqlama ABŞ prezidenti Donald Trampın İranda anti-hökumət etirazları fonunda ölkənin daxili işlərinə mümkün müdaxilə ilə bağlı səsləndirdiyi hədələrdən sonra verilib. Məlumatı İran KİV-lərinə istinadən Reuters yayıb.
Bu arada, CNN telekanalı yanvarın 11-də ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi ssenariləri nəzərdən keçirdiyini bildirib. Məlumata görə, Ağ Ev rəhbərliyinə son günlər mümkün hərbi zərbələrdən tutmuş, hərbi müdaxilə olmadan təsir variantlarınadək müxtəlif planlar təqdim olunub.
Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən milli valyutanın kəskin dəyərdən düşməsi səbəbilə başlayıb. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, polis gözyaşardıcı qaz və pnevmatik vasitələrdən istifadə edib. Ən kütləvi aksiyalar Tehranda, ən ciddi toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşah, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.