Britaniyalı model Cefri Epşteynlə illər boyu əlaqədə olduğunu açıqlanıb

Britaniyalı supermodel Naomi Kempbellin yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərə görə 2008-ci ildə məhkum olunmuş maliyyəçi Cefri Epşteynlə həm məhkumluqdan əvvəl, həm də sonra müntəzəm əlaqədə olduğu məlum olub.
Bu barədə ABŞ Ədliyyə Departamenti tərəfindən ötən həftə açıqlanan və “Epşteyn faylları” kimi tanınan sənədlərin son paketində yer alan məlumatlarda bildirilir. Daily Mail nəşrinin yazdığına görə, Kempbell Epşteyni dəfələrlə yüksək səviyyəli moda tədbirlərinə, o cümlədən Kann şəhərində qeyd olunan 40 illik yubileyinə dəvət edib.
Sənədlərdə Kempbellin Epşteyndən şəxsi təyyarəsində uçuş xahiş etdiyi, onunla bir neçə dəfə telefon əlaqəsi saxladığına dair yazışmalar da yer alır. Görüşlərin bir hissəsinin biznes məsləhətləri ilə bağlı olduğu ehtimal edilir. Belə ki, 2005-ci ilə aid ən erkən mesajlardan birində Kempbell Epşteyndən “Victoria’s Secret” üçün hazırladığı çimərlik geyimi kolleksiyasını qiymətləndirməsini xahiş edib.
Naomi Kempbellin adı Epşteynin iki iddia edilən qurbanının ifadələrində də çəkilir. Onlardan biri Epşteynlə ilk dəfə Nyu-Yorkda Kempbellin də iştirak etdiyi bir ziyafətdə tanış olduğunu bildirib. Digəri isə Epşteynin ona “Naomi Kempbelli tanıdığını” deyərək “Victoria’s Secret”də iş tapmağa kömək edə biləcəyini söylədiyini iddia edib.
2010-cu ildən etibarən Kempbell ilə Epşteyn arasındakı münasibətlərin daha çox şəxsi dostluq xarakteri daşıdığı qeyd olunur. Sənədlərə əsasən, supermodel Epşteyni üç müxtəlif tədbirə dəvət edib: Rusiyalı milyarder, o zamankı sevgilisi Vladislav Doroninin təşkil etdiyi Kann şəhərindəki “Fire and Ice” adlı ad günü mərasiminə, özünün ev sahibliyi etdiyi xeyriyyə moda gecəsinə və Parisdə onun şərəfinə keçirilən “Dolce & Gabbana” tədbirinə.
Əvvəlki məlumatlarda Naomi Kempbellin adının Epşteynin uçuş qeydlərində yer aldığı, həmçinin telefon nömrəsinin onun məşhur “qara kitabı”nda olduğu bildirilirdi. Yeni açıqlanan sənədlər isə 2003–2016-cı illəri əhatə edən, təxminən 25 səhifəlik əlaqə qeydlərini üzə çıxarır. Bu qeydlərdə “Naomi Kempbell – dəqiqləşdiriləcək” kimi gündəlik tipli qeydlər və Epşteynin köməkçilərinin “Kempbell zəng edib” və ya “zəngə cavab verib” məzmunlu qeydləri yer alır.
Naomi Kempbell daha əvvəl Epşteynin əməllərini “bağışlanmaz” adlandırıb. O bildirib: “Onun nə etdiyini öyrəndikdə iyrəndim. Mən qurbanların yanındayam”.
Sənədlərdə həmçinin müğənni Mik Caggerin Epşteyn və Gisleyn Maksvellə şam yeməklərində iştirak etdiyi, eləcə də britaniyalı sosialite Annabel Neilsonun 2010–2012-ci illərdə Epşteynlə yazışaraq ona qadınlar təklif etdiyi qeyd olunur. Neilsonun mesajlarından birində “Kiçik bir qız qrupu toplayacağam, ümid edirəm ki, onlardan biri sizə uyğun olar. Kaş 20 yaş cavan olardım və fransızca danışa biləydim…” ifadəsi yer alıb.
ABŞ Ədliyyə Departamenti isə açıqlamasında bildirib ki, yayımlanan sənədlər arasında saxta və ya qeyri-dəqiq təqdim olunmuş materiallar ola bilər və adların sənədlərdə yer alması həmin şəxslərin qanunsuz fəaliyyətdə iştirak etdiyini təsdiqləmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.