2025-ci ildə oğurlanan saatların yarısı Rolex markasından olub

2025-ci ildə qlobal lüks saat bazarında oğurluq halları rekord həddə çatıb. İtirilən və oğurlanan saatların ümumi dəyəri 1,7 milyard funt sterlinq təşkil edib.
Bu barədə beynəlxalq məlumat bazası olan Watch Register məlumat yayıb. Bildirilib ki, il ərzində dünyada 10 min saat itmiş və ya oğurlanmış kimi qeydə alınıb. Bu isə orta hesabla hər 60 dəqiqədə bir saatın itməsi deməkdir. Hazırda platformanın bazasında ümumilikdə 114 min saat barədə məlumat mövcuddur.
Qeyd edək ki, Watch Register ikinci əl bazarında alıcıların saatın unikal seriya nömrəsini yoxlayaraq onun oğurluq olub-olmadığını müəyyən etməsinə imkan verir. 2025-ci ildə onlayn yoxlamaların sayı əvvəlki illə müqayisədə 29% artaraq 280 min yoxlamanı keçib.
Saat alqı-satqısı zamanı Watch Register xidmətindən istifadə edən şirkətlərin sayı da artıb. 2024-cü illə müqayisədə bu göstərici 42% yüksəlib. Bu isə oğurluq hallarına qarşı rəqəmsal alətlərin daha geniş tətbiq olunduğunu göstərir.
Watch Register-in idarəedici direktoru Katya Hills bildirib ki, yoxlamaların və uğurlu identifikasiyaların artması qlobal məlumat əməkdaşlığının oğurluq bazarının qarşısının alınmasında effektiv olduğunu sübut edir.
Statistikaya görə, Rolex markası əsas hədəf olaraq qalır. 2025-ci ildə aparılan bütün yoxlamaların 44%-i bu brendlə bağlı olub. Bundan əlavə, itirilmiş və ya oğurlanmış kimi qeydiyyata alınan saatların 51%-i Rolex markasına məxsus olub.
Eyni zamanda, geri qaytarılan saatların sayı da artıb. Ötən il 1 375 saat sahibinə qaytarılıb, bu da 2024-cü illə müqayisədə 21% artım deməkdir. 2024-cü ildə isə 1 136 saat bərpa edilmişdi.
Ekspertlər bildirirlər ki, bu rəqəmlər həm problemin miqyasını, həm də lüks saat bazarında alıcı və satıcıların qorunmasında rəqəmsal vasitələrin effektivliyini açıq şəkildə göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.