ABŞ-də süni intellektin "məsləhətinə" maraq artıb

ABŞ-da sosial şəbəkələrdə süni intellektlə yaradılan animasiyalı qida və məişət əşyalarının gündəlik məsləhətlər verdiyi qısa videolar geniş populyarlıq qazanıb. Newsweek nəşrinin məlumatına görə, xüsusilə böyüklər bu tip “lifehack” məzmununa böyük maraq göstərir və milyonlarla baxış toplayan videolar sürətlə yayılır.
Bu videolarda ət, yumurta, tərəvəz və ya çörək kimi məhsullar animasiya vasitəsilə “canlandırılır”, onlara göz və ağız əlavə olunur və onlar danışaraq sadə məişət qaydalarını izah edirlər. Süni intellektlə hazırlanmış personajlar yumurtanın düzgün qaynadılması, çörəyin kiflənməməsi üçün harada saxlanılması, ətin xarab olub-olmadığının müəyyən edilməsi kimi mövzularda məsləhətlər verir.
Bəzi videolar milyonlarla baxış toplayıb. Məsələn, animasiyalı bifşteks haqqında yayımlanan video təxminən 17 milyon izlənmə əldə edib. Çörəyin düzgün saxlanması ilə bağlı başqa bir paylaşım isə 130 mindən çox baxış toplayıb. Bir çox istifadəçi bu məsləhətləri real həyatda tətbiq etdiyini bildirir.
Trend xüsusilə 25–45 yaş aralığında olan sosial şəbəkə istifadəçiləri arasında populyardır. Mütəxəssislər bildirirlər ki, insanlar uzun məqalələr oxumaq və ya internetdə geniş axtarış aparmaq əvəzinə, qısa və vizual formada təqdim olunan məlumatlara üstünlük verirlər.
Bununla belə, bəzi ekspertlər bu tendensiyanın mümkün mənfi təsirləri barədə xəbərdarlıq edir. Psixoloq və neyroelm sahəsində aparılan araşdırmalara əsasən, süni intellekt tərəfindən yaradılan məzmundan həddindən artıq istifadə tənqidi düşünmə və yaddaş qabiliyyətinə mənfi təsir göstərə bilər.
Hazırda isə “danışan qidalar” trendi daha çox əyləncəli və maarifləndirici məzmun kimi qiymətləndirilir. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, süni intellektin gündəlik öyrənmə prosesinə təsiri gələcəkdə daha ciddi müzakirə mövzusu ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.