Orban Ukraynadan enerji öhdəliklərini tələb edir

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın enerji tranziti ilə bağlı öhdəliklərini yerinə yetirməli olduğunu bildirib və rəsmi Budapeştin bu məsələ həll olunana qədər Avropa İttifaqının qərarlarını bloklayacağını açıqlayıb.
Parlamentdə çıxış edən Orban vurğulayıb ki, Macarıstan öz milli maraqlarına uyğun hərəkət edəcək və beynəlxalq müqavilələrin icrasını tələb edir. Onun sözlərinə görə, Ukrayna 2014-cü ildə Aİ ilə Assosiasiya Sazişini imzalayarkən Avropa ölkələrinə enerji tranzitini təmin etməyi öhdəsinə götürüb.
Baş nazir bildirib ki, Kiyev Macarıstana neft tədarükünü təmin etməli və bu məsələni “siyasi alətə çevirməməlidir”. Orban Ukraynanın hərəkətlərini “sazişin açıq şəkildə pozulması” kimi qiymətləndirib.
O, həmçinin Aİ-ni tənqid edərək bildirib ki, Brüssel Macarıstanın maraqlarını müdafiə etmək əvəzinə Ukraynanın mövqeyini dəstəkləyir. Orbanın sözlərinə görə, Aİ müqavilələrinə əsasən, üzv dövlətlər üçüncü tərəfin hərəkətlərindən zərər görərsə, onların maraqları qorunmalıdır.
Macarıstanın cavab addımları
Rəsmi Budapeşt Ukraynanın addımlarına cavab olaraq bir sıra tədbirlər gördüyünü açıqlayıb:
Macarıstan Slovakiya ilə birlikdə Ukraynaya dizel tədarükünü dayandırıb;
Ukraynaya ayrılması əvvəlcədən təsdiqlənmiş 90 milyard avroluq ödənişlərə veto qoyulub;
Rusiya ilə bağlı Aİ-nin 20-ci sanksiya paketinin qəbulu, Rusiya neftinin Ukrayna üzərindən tranziti bərpa olunana qədər bloklanır.
Orban vurğulayıb ki, Ukrayna Aİ ilə bağlanmış saziş çərçivəsində neft tranziti öhdəliklərini yerinə yetirməyənədək Macarıstan Brüsselin Ukraynanı dəstəkləyən istənilən qərarını bloklamaqda davam edəcək.
Baş nazir əlavə edib ki, Avropa İttifaqı Ukraynanı maliyyələşdirməyə və Rusiyaya qarşı müharibəni dəstəkləməyə davam edir, baxmayaraq ki, maliyyə və hərbi risklər artır. Onun sözlərinə görə, Brüssel öhdəliklərin icrasını təmin etmək əvəzinə müharibənin davamını açıq şəkildə dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.