Qazaxıstan və Serbiyanın prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç ticarət, nəqliyyat və logistika, energetika, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, süni intellekt sahələrində əməkdaşlığı, həmçinin mədəni-humanitar gündəliyi müzakirə ediblər.
K.Tokayev bu barədə ali səviyyəli danışıqların yekunları üzrə media nümayəndələri üçün keçirilən birgə brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bir sıra konkret razılaşmalar əldə edilib, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.
K.Tokayev ikitərəfli ticarət dövriyyəsinin artımını qeyd edib və hazırda Qazaxıstanda təxminən 60 Serbiya şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Eyni zamanda, onun qiymətləndirməsinə görə, iki ölkənin iqtisadi potensialı qarşılıqlı ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa və yeni investisiya layihələrini həyata keçirməyə imkan verir.
Danışıqlar zamanı nəqliyyat-logistika əlaqələrinin inkişafına ayrıca diqqət yetirilib. Xüsusilə, Astana ilə Belqrad arasında birbaşa hava əlaqəsinin açılmasının əhəmiyyəti, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən səmərəli istifadə perspektivləri və yeni logistika marşrutlarının işə salınması qeyd edilib.
Bundan əlavə, tərəflər infrastruktur sahəsində əməkdaşlığı müzakirə ediblər. Müvafiq qurumlara və operatorlara əməkdaşlığın konkret formatlarını müəyyən etmək tapşırılıb.
K.Tokayev süni intellektin, müasir rəqəmsal texnologiyaların tətbiqinin strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə birgə işə hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.