Ermənistan vətəndaşlarını İrandan çıxarır

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, hərbi əməliyyatlar başlayandan sonra İran ərazisində olan Ermənistan vətəndaşları ilə bağlı səfirliyə müraciətlər daxil olub.
Məlumata görə, Ermənistan səfirliyinə iki Ermənistan vətəndaşı müraciət edib. Onlardan biri heç bir maneə olmadan Ermənistana qayıdıb. Digər vətəndaşın geri dönüşünün təşkili prosesi isə davam edir və səfirlik onunla daimi əlaqə saxlayır.
Qeyd olunub ki, səfirliyə hər gün orta hesabla 15–20 telefon zəngi daxil olur. Zənglərin əksəriyyəti Ermənistan–İran sərhədinin keçid imkanları ilə bağlıdır. Bildirilir ki, İran istiqamətindən Ermənistana və əks istiqamətdə sərhəd keçidləri Ermənistan tərəfində adi qaydada həyata keçirilir.
Eyni zamanda vurğulanıb ki, İrandan Ermənistana gələn Ermənistan vətəndaşlarının sayında adi vəziyyətdən kəskin fərqlənən axın müşahidə olunmur.
İranda rabitə ilə bağlı məhdudiyyətlər olduğundan, səfirlik ölkədə olan ermənilərlə bağlı məlumatların onların yaxınlarına çatdırılmasına da kömək edir.
Bundan başqa, səfirliyə xarici ölkə vətəndaşları da müraciət edərək Ermənistan ərazisinə daxil olmaq imkanları barədə məlumat alırlar. Onlara müvafiq izahat və tövsiyələr verilir.
Məlumatda qeyd olunur ki, səfirlik həmçinin İranda akkreditə olunmuş bəzi diplomatik nümayəndəliklərin diplomatlarına və onların ailə üzvlərinə də zəruri hallarda Ermənistan ərazisi vasitəsilə öz ölkələrinə qayıtmaq üçün lazımi dəstək göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.