İran XİN rəhbəri: “Müharibəni genişləndirməmişik, qonşu ölkələrin mülki infrastrukturunu hədəf almırıq”

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibənin miqyasını genişləndirmədiyini və qonşu dövlətlərin mülki obyektlərinə zərbələr endirmədiyini bildirib.
Nazir bu barədə Al Jazeera telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, müharibənin mahiyyəti ekspansionist xarakter daşısa da, İran bu istiqamətdə addım atmayıb.
Əraqçi qeyd edib ki, ABŞ-ın hücumları fonunda İranın hərbi qüvvələri birbaşa ABŞ ərazisinə zərbə endirmək imkanına malik deyil:
“Bu səbəbdən biz cavab olaraq regiondakı ABŞ hərbi bazalarını və obyektlərini hədəfə almağa məcbur oluruq. Təəssüf ki, bu bazalar dost ölkələrin ərazisində yerləşir”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, İran ərazisində yaşayış məntəqələrinə, məktəblərə və xəstəxanalara edilən hücumlara beynəlxalq ictimaiyyətin susqun qalması təəccüb doğurur.
“Əminliklə deyə bilərəm ki, biz qonşu ölkələrdə mülki obyektləri hədəf almamışıq. Bəzi hallarda yan təsirlər baş verə bilər, lakin bu, məqsədli deyil. ABŞ-ın ‘regional bazalar’ adlandırdığı obyektlərə gəldikdə isə, amerikalıların olduğu hər bir məkan potensial hədəfə çevrilir”, – deyə Əraqçi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.