İran dəniz blokadası davam edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlayıb

İran Xarici İşlər Nazirliyi dəniz blokadasının davam edəcəyi halda rəsmi Tehranın cavab addımları atacağını bəyan edib.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, qarşı tərəf qeyri-səmimi davranmaq niyyətindədirsə və mövcud vəziyyət bu istiqamətdə inkişaf edərsə, İran buna qarşı lazımi tədbirlər görəcək. Onun sözlərinə görə, bu məsələdə heç bir şübhə yoxdur.
Bəqayi həmçinin qeyd edib ki, Hörmüz boğazı vasitəsilə ticarət gəmilərinin hərəkəti İranla koordinasiya şəraitində həyata keçiriləcək.
XİN rəsmisi əlavə edib ki, bu məsələ 10 aprel tarixində əldə olunmuş atəşkəs razılaşması çərçivəsində tənzimlənir və hazırda yeni razılaşmalar mövcud deyil. Onun sözlərinə görə, atəşkəs rejiminin uzadılması məsələsi isə hələ müzakirə olunmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.