Siyasi şərhçi: "İslamabadda ABŞ–İran danışıqlarının ikinci raundu sual altındadır"

İslamabad şəhərində keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqlarının ikinci raundu qeyri-müəyyən olaraq qalır. Məlumata görə, İran tərəfi görüşdə iştirak məsələsində tərəddüd edir.
Bildirilir ki, Donald Trump administrasiyasının xüsusi nümayəndəsi Steve Witkoff və onun kürəkəni Jared Kushner artıq Pakistana səfər ediblər. Danışıqların əsas gündəlik mövzularından biri Hörmüz boğazı ətrafında yaranmış gərginlikdir.
İran ABŞ-dan bölgədə tətbiq edilən blokadanın aradan qaldırılmasını tələb edir. Mənbələrə görə, əgər ikinci raund danışıqlar baş tutarsa, Vaşinqtonun bu məsələdə müəyyən güzəştlərə getməsi istisna olunmur.
Ekspertlər hesab edir ki, İranın danışıqlarda iştirak etməməsi onun beynəlxalq arenada danışıqlardan yayınan tərəf kimi qiymətləndirilməsinə səbəb ola bilər. Eyni zamanda, Donald Trump İranın enerji və strateji nəqliyyat infrastrukturuna zərbələr endirilə biləcəyi ilə bağlı sərt bəyanatlar səsləndirib.
Bu xəbərdarlıq Tehran tərəfindən ciddi qəbul edilir. Qeyd olunur ki, Pakistan tərəfi İranın danışıqlarda iştirakını təmin etmək üçün intensiv diplomatik təmaslar aparır.
Analitiklərin fikrincə, İran danışıqlardan imtina edərsə, İsrail tərəfindən mümkün hərbi əməliyyat ehtimalı artır. Yeni hücum dalğasının İran üçün daha ağır nəticələr doğura biləcəyi vurğulanır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin qənaətinə görə, əgər İslamabad danışıqları baş tutarsa, tərəflər arasında müəyyən razılaşmaların əldə olunması mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.