Rusiya neftinin “Drujba” boru kəməri ilə Macarıstana nəqli bərpa olunub

Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka bildirib ki, 22 aprel tarixində “Drujba” boru kəməri vasitəsilə Belarusdan Ukrayna istiqamətində neft nəqli yenidən bərpa olunub.
Onun sözlərinə görə, neft tədarükünün Macarıstana həmin gün və ya ən gec 23 aprel səhər saatlarında çatması gözlənilir.
Boka vurğulayıb ki, Macarıstan üçün “Drujba” kəmərinin stabil fəaliyyəti çox vacibdir, çünki bu, xüsusilə Yaxın Şərqdəki böhran fonunda artan qiymətlər şəraitində ölkənin “ucuz və etibarlı” enerji mənbələrinə çıxışını təmin edir. O, eyni zamanda enerji təchizatının diversifikasiyasının vacibliyini qeyd edərək bunu ölkənin enerji təhlükəsizliyi üçün əsas faktor adlandırıb.
Nazir həmçinin Ukraynaya nəzərdə tutulan 90 milyard avroluq kreditlə bağlı danışaraq, onun bloklanmasını “maraqların qorunması aləti” kimi qiymətləndirib. Onun sözlərinə görə, “Ukraynaya neft blokadası” aradan qaldırılıb və tranzitin bərpasını Macarıstanın mövqeyinin uğuru kimi dəyərləndirib.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna tərəfi “Drujba” neft kəmərində təmir işlərini başa çatdırıb və neft tranzitinin bərpasına hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.