ABŞ-ın Dövlət Departamenti İranda olan vətəndaşlarına ölkəni dərhal tərk etməyə çağırıb.

ABŞ Dövlət Departamenti İran ərazisində olan Amerika vətəndaşlarına təcili şəkildə ölkəni tərk etməyi tövsiyə edib. Bu çağırış İranın 18 aprel tarixində hava məkanını qismən açması və ölkənin şərq hissəsində aviareyslərin bərpa olunması fonunda edilib.
Rəsmi məlumata görə, 21 aprel tarixindən etibarən İranın hava məkanı qismən fəaliyyət göstərir. ABŞ vətəndaşlarına yerli medianı izləmək və uçuşlarla bağlı məlumatları birbaşa aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunur.
Bildirilib ki, ölkəni tərk etmək istəyənlər yalnız hava yolu ilə deyil, həm də quru sərhədləri vasitəsilə çıxa bilərlər. Alternativ marşrutlar kimi Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan istiqamətləri göstərilib.
Xüsusilə Ermənistan istiqamətində qeyd olunur ki, Aqarak–Norduz sərhəd-keçid məntəqəsi açıqdır. ABŞ vətəndaşları etibarlı pasportla bu ölkəyə vizasız daxil olaraq 180 günə qədər qala bilərlər. İkiqat vətəndaşlar üçün əlavə icazə tələb olunmur. Sərhəddən paytaxt Yerevan və digər şəhərlərə taksi xidmətlərinin mövcud olduğu bildirilib.
Eyni zamanda ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və İran–Pakistan sərhədinə yaxın bölgələrə səfər etməmək tövsiyə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.