İranın devrilmiş şahının oğlu Rza Pəhləvi İranda hakimiyyətin dəyişəcəyinə ümidlidir

İranın devrilmiş şahının oğlu Reza Pəhləvi Tehranla danışıqlara qarşı çıxaraq ölkədə hakimiyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, İran hakimiyyəti ilə aparılan hər hansı danışıqlar “yumşaltma siyasəti” anlamına gəlir. Al Jazeera xəbər verir ki, Pəhləvi Almaniyanın paytaxtı Berlin şəhərində çıxışı zamanı bu fikirləri səsləndirib.
65 yaşlı siyasətçi çıxışı zamanı həm tərəfdarları, həm də əleyhdarları ilə qarşılaşıb. Aksiya zamanı bir nəfər onun üzərinə qırmızı maye atıb, daha sonra həmin şəxs polis tərəfindən saxlanılıb.
Pəhləvi daha əvvəl jurnalistlərə açıqlamasında Avropa hökumətlərini daha sərt addımlar atmağa çağırıb. O, İran səfirlərinin ölkələrdən çıxarılmasını və iranlı vətəndaşların bloklanmış internetə çıxışına kömək göstərilməsini təklif edib.
O həmçinin qeyd edib ki, atəşkəs və danışıqlar ideyası İran hakimiyyətinin qəfil “pragmatikləşəcəyi” fərziyyəsinə əsaslanır, lakin bunun baş verəcəyinə inanmadığını vurğulayıb. Pəhləvinin fikrincə, ölkədəki mövcud rəhbərlik “eyni sistemin müxtəlif tərəfləridir”.
Ekspertlər hesab edir ki, onun bu açıqlamaları regionda gərginliyin davam etdiyi bir vaxtda İran daxilində mümkün siyasi dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.