Sanksiyalara məruz qalan rus oliqarxa məxsus olduğu bildirilən “Nord” adlı lüks meqayaxta bu gün səhər saatlarında Hörmüz boğazından keçib.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN “MarineTraffic”in məlumatlarına əsasən informasiya yayıb.
Təxminən 142 metr uzunluğa malik olan və dünyanın ən böyük yaxtalarından biri sayılan gəmi ötən axşam Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən yola düşüb və gecə ərzində strateji əhəmiyyətə malik su yolunu keçib.
Məlumata görə, yaxta hazırda Omanın paytaxtı Məsqət istiqamətində hərəkət edir.
Bildirilir ki, “Nord”un dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir. Gəminin Rusiyanın polad və mədən sənayesi nəhənglərindən birinə rəhbərlik edən milyarder Aleksey Mordaşova məxsus olduğu güman edilir. “Associated Press” də yaxtanın Mordaşova aid olduğunu bildirib.
Böyüklüyü təxminən 1,5 Amerika futbol meydançasına bərabər olan yaxta marşrutunu İranın Lrak adası yaxınlığından keçirib. Daha əvvəl “Lloyd’s List Intelligence” bu istiqamətin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən boğaza nəzarət üçün istifadə edildiyini qeyd edib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2022-ci ildə Aleksey Mordaşova, onun həyat yoldaşına və iki yetkin övladına sanksiyalar tətbiq edib.
“Nord” yaxtasında iki helikopter meydançası mövcuddur və adətən, göyərtədə aşpaz, fitnes təlimatçısı və masaj terapevti də daxil olmaqla, geniş heyət fəaliyyət göstərir.
Vurğulanır ki, meqayaxtanın regiondakı hərəkətinə ABŞ-nin artan hərbi mövcudluğu və mümkün dəniz blokadasının təsiri olub-olmayacağı hələlik qeyri-müəyyəndir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.