BMT: İran münaqişəsi 30 milyondan çox insanı yoxsul edə bilər

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, İran ətrafında davam edən münaqişə qlobal miqyasda ciddi sosial-iqtisadi nəticələrə səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatı-nın İnkişaf Proqramının rəhbəri Aleksander De Kroo AFP agentliyinə açıqlamasında qeyd edib ki, aparılan araşdırmalara əsasən, müharibə dərhal başa çatsa belə, təxminən 32 milyon insan 160 ölkədə yoxsulluq həddinə düşə bilər.
Onun sözlərinə görə, altı həftəlik münaqişənin nəticələrinə dair hesablamalar göstərir ki, yaranmış enerji böhranı və iqtisadi təzyiqlər xüsusilə Saharaaltı Afrika ölkələrinə, eləcə də Banqladeş və Kamboca kimi bəzi Asiya dövlətlərinə daha ağır təsir göstərəcək.
BMT-nin qiymətləndirməsinə görə, yoxsulluğun daha da dərinləşməsinin qarşısını almaq üçün ən azı 6 milyard dollar həcmində vəsaitin enerji daşıyıcıları və ərzaq məhsulları üzrə subsidiyalara yönəldilməsi zəruridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.