Yaxın Şərqdə mayın 12-sinə olan əsas hadisələr

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İran və ABŞ arasında İslamabadda aparılan danışıqlarla bağlı yayılan məlumatlar tərəflərin dialoq qurmaq cəhdlərini göstərsə də, təmasların qeyri-müntəzəm xarakter daşıdığı və hələlik nəticə vermədiyi bildirilir. Eyni zamanda, İsrail elan edilmiş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki olaraq pozulduğunu göstərir. Ümumilikdə regionda uzunmüddətli eskalasiya davam edir və vəziyyətin daha da kəskinləşməsi riski qalır.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi ABŞ-ın Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edib. O, sənədi “faktların təhrif edilməsinə yönəlmiş cəhd” adlandırıb.
CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Trump Tehranın danışıqlardakı mövqeyindən getdikcə daha çox narazı qalır və son günlər İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantını daha ciddi şəkildə nəzərdən keçirir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə bildirib ki, Tehranın ABŞ tərəfinə təqdim etdiyi münaqişənin nizamlanması planının alternativi yoxdur.
Axios portalının yaydığı məlumata əsasən, Donald Tramp milli təhlükəsizlik komandası ilə görüş keçirərək İran ətrafındakı vəziyyəti və İran ərazisinə mümkün yeni zərbələrin endirilməsi məsələsini müzakirə edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.