Hakan Fidan: ABŞ və İran müharibəni dayandırmaq istəyir

Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqlarda bir çox mürəkkəb məqamların olduğunu, lakin hər iki tərəfin müharibəni dayandırmaq istədiyini açıqlayıb.
Türkiyənin xarici işlər naziri bunu Qətərdə keçirdiyi mətbuat konfransında, qətərli həmkarı Mohammed bin Abdulrahman Al Thani ilə birlikdə çıxışı zamanı deyib.
Fidan bildirib ki, danışıqlar kifayət qədər çətin aspektlərə malik olsa da, tərəflərin ortaq məqsədi müharibənin dayandırılmasıdır. Onun sözlərinə görə, ABŞ və İran Hörmüz boğazının açılmasını və bloklanan gəmilərlə bağlı problemin həllini istəyir.
Nazir qeyd edib ki, əsas problem tərəflərin qəbul edə biləcəyi formada razılaşmanın necə hazırlanacağı və sənədləşdirilməsidir. Hazırda tərəflər arasında mesaj mübadiləsinin davam etdiyini vurğulayan Fidan, diplomatik təmasların sürdüyünü bildirib.
Türkiyəli nazirin sözlərinə görə, müharibəyə qayıdış yalnız dağıntıları daha da artıracaq. O əlavə edib ki, Hörmüz boğazından silah kimi istifadə edilməsinin qarşısının alınması regional təhlükəsizlik, sabitlik və dünya iqtisadiyyatı üçün olduqca vacibdir.
Hakan Fidan bildirib ki, Türkiyə təhlükəsiz dəniz keçidinin təmin olunması və bölgədə gərginliyin yenidən artmasının qarşısının alınmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Onun sözlərinə görə, Ankaranın əsas prioriteti məsələnin sülh və diplomatik yollarla həllidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.