Avropa Komissiyası “Taliban” nümayəndələrini deportasiya məsələlərini müzakirə etmək üçün Brüsselə dəvət edib

Avropa Komissiyası “Taliban” hərəkatının nümayəndələrinə Brüsselə səfər üçün rəsmi dəvət göndərib. Məlumata görə, əsas məqsəd Əfqanıstan vətəndaşlarının deportasiyası və geri qaytarılması məsələlərinin müzakirəsidir.
Qurum dəvət olunan şəxslərin siyahısını açıqlamayıb. Həmçinin Əfqanıstan nümayəndə heyətinin uçuş və yaşayış xərclərinin Avropa İttifaqı tərəfindən qarşılanıb-qarşılanmayacağı barədə də məlumat verilməyib.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, dəvət məktubu Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluq (DG HOME) və İsveç Ədliyyə Nazirliyi tərəfindən göndərilib.
“Faktiki Əfqanıstan hakimiyyəti ilə Brüsseldə texniki səviyyədə görüş keçirmək imkanını dəqiqləşdirmək üçün məktub göndərildiyini təsdiqləyə bilərəm”, — deyə Komissiyanın sözçüsü qeyd edib.
Danışıqların əsas mövzusu Aİ ölkələrində qalmaq hüququ olmayan və təhlükəsizlik riski hesab edilən əfqan miqrantların geri qaytarılması olacaq.
Məsələ olduqca həssas hesab edilir. Çünki Avropa İttifaqı “Taliban” hakimiyyətini rəsmi şəkildə tanımır və indiyədək qadın hüquqları ilə media azadlıqlarının məhdudlaşdırılmasına görə hərəkatı tənqid edib.
Bununla belə, Komissiya vurğulayıb ki, bu görüş “Taliban” rejiminin tanınması anlamına gəlmir və Aİ-nin faktiki hakimiyyətlə operativ təmas saxlamaq mandatı var.
Məlumata görə, görüş təşəbbüsü Şengen zonasına daxil olan 20 ölkənin müraciətindən sonra gündəmə gəlib. Avropa İttifaqı siyasi vəziyyəti mürəkkəb olan ölkələrə deportasiya məsələsində ortaq yanaşma formalaşdırmağa çalışır.
“Taliban” rəsmilərinin Brüsselə səfəri üçün Belçikanın xüsusi viza verməsi tələb olunacaq. Bu addımın Belçikanın daxilində siyasi mübahisələrə səbəb ola biləcəyi qeyd olunur.
Qeyd edək ki, Almaniya 2024-cü ildən etibarən cinayət törətmiş təxminən 100 əfqanı deportasiya edib. Bu təcrübə digər Avropa ölkələrinin də oxşar siyasətə marağını artırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.