Makron ətrafında yeni qalmaqal: Bricitin məşhur silləsi iranlı aktrisaya qısqanclıq səbəbindən olub

Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ətrafında yenidən qalmaqal yaranıb. Daha əvvəl Fransa prezidentinin “zarafat” adlandırdığı məşhur təyyarə insidenti ilə bağlı yeni iddialar ortaya çıxıb.
Belə ki, siyasi şərhçi Florian Tardif “Un Couple (Presque) Parfait” (“Demək olar ki, ideal cütlük”) adlı kitabında hadisənin əsl səbəbinin qısqanclıq olduğunu yazıb. Müəllifin iddiasına görə, Bricit Makron prezidentin telefonunda iranlı aktrisa Golshifteh Farahani tərəfindən göndərilmiş mesajı gördükdən sonra əsəbiləşib.
Xatırladaq ki, 2025-ci ilin mayında Vyetnamın Hanoy aeroportunda prezident təyyarəsinin qapısı açılarkən çəkilən görüntülərdə Bricit Makronun həyat yoldaşını üzündən itələdiyi görünmüşdü. Həmin video dünya mediasında geniş rezonans doğurmuşdu.
Kitabda qeyd olunur ki, Makron ilə Fərahani arasında yazışmalar olub və prezident aktrisaya komplimentlər yazaraq “sizi çox gözəl hesab edirəm” ifadəsini işlədib. Müəllifə görə, məhz aktrisanın mesajlarından biri cütlük arasında təyyarədə gərgin mübahisəyə səbəb olub.
Bununla belə, Golşiftə Fərahani Makronla hər hansı romantik münasibət barədə iddiaları dəfələrlə təkzib edib və bu söz-söhbətləri uydurma adlandırıb.
Bricit Makrona yaxın mənbə isə “Le Parisien” nəşrinə açıqlamasında qısqanclıq və ya telefon yoxlaması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Mənbənin sözlərinə görə, Fransa birinci xanımı heç vaxt ərinin telefonunu yoxlamır.
Daha əvvəl Bricit Makron hadisəni uzun və yorucu uçuşdan sonra yaranmış əsəbiliklə izah etmişdi. Onun sözlərinə görə, prezident zarafat etməyə çalışarkən o, sadəcə onu kənara itələyib.
Donald Trump da həmin vaxt insidentlə bağlı istehzalı açıqlama vermiş, “Makronun xanımı onunla pis davranır” demişdi. Fransa prezidenti isə bu sözləri “qeyri-zərif və yersiz” adlandıraraq tənqid etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.