AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ İranla müharibənin yaratdığı problem səbəbindən iqtisadi artım proqnozunu azaldır

  • + A
  • - A
  • Bu gün, 21:20

    Aİ İranla müharibənin yaratdığı  problem səbəbindən iqtisadi artım proqnozunu azaldır

    Avropa İttifaqı Yaxın Şərqdə davam edən müharibə və enerji böhranının dərinləşməsi fonunda iqtisadi artım proqnozunu aşağı salmağa hazırlaşır. Bu barədə Avropa Komissiyasının iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis CNBC-yə açıqlamasında bildirib.
    Onun sözlərinə görə, bu həftə açıqlanacaq yaz iqtisadi proqnozunda Aİ üzrə artım göstəriciləri aşağı salınacaq, inflyasiya gözləntiləri isə yüksəldiləcək.
    “Biz staqflyasiya şoku ilə üz-üzəyik”, – deyə Dombrovskis vurğulayıb.

    Qeyd olunub ki, staqflyasiya iqtisadi artımın zəifləməsi ilə yanaşı inflyasiyanın sürətlənməsi deməkdir və bu, iqtisadi siyasət üçün ən çətin ssenarilərdən biri hesab olunur.
    Məlumata görə, vəziyyətin ağırlaşmasına İran ətrafında uzanan müharibə və Hörmüz boğazı üzərində davam edən blokada səbəb olub. Dünyanın əsas neft daşımalarının keçdiyi bu marşrutda gərginliyin artması nəticəsində neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalmaqda davam edir. Bu isə Avropada sənaye, nəqliyyat və istehlak bazarlarına ciddi təzyiq göstərir.

    Dombrovskis bildirib ki, COVID-19 pandemiyası dövründə tətbiq edilən genişmiqyaslı dövlət dəstəyi proqramlarını yenidən həyata keçirmək üçün imkanlar hazırda daha məhduddur.
    “Dəstək tədbirləri müvəqqəti və hədəfli olmalıdır. Fosil yanacaqlara yüksək tələbi stimullaşdıran addımlardan qaçmaq vacibdir”, – deyə o əlavə edib.

    Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyi dünya neft ehtiyatlarının rekord sürətlə azaldığını açıqlayıb. Analitiklər xəbərdarlıq edirlər ki, Avropada enerji daşıyıcılarının fiziki çatışmazlığı artıq ayın sonuna doğru hiss oluna bilər və ehtiyatların bərpası 2027-ci ilin sonunadək uzana bilər.
    Hazırda Aİ strateji neft ehtiyatlarından istifadəyə başlayıb. Bununla belə, Dombrovskis uzunmüddətli münaqişə şəraitində xüsusilə yanacaqdan asılı sahələrdə ciddi təchizat problemlərinin yarana biləcəyini qeyd edib.

    Mövcud vəziyyət Avropa hökumətləri qarşısında həm inflyasiya ilə mübarizə aparmaq, həm iqtisadiyyatı dəstəkləmək, həm də neftdən asılılığı azaltmağa yönəlmiş enerji keçidini sürətləndirmək kimi mürəkkəb vəzifələr qoyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR