Britaniya Epsteyn işini araşdırır

Böyük Britaniya polisi amerikalı maliyyəçi və cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteyn ilə əlaqəli sənədlərdə yer alan yeni uşaq cinsi zorakılığı iddialarını araşdırır.
Surrey qraflığının polisi bildirib ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə yer alan məlumatlardan sonra iki ayrı cinsi zorakılıq iddiası üzrə istintaqa başlanılıb. Məlumata görə, hadisələrdən biri İngiltərənin cənubundakı Surrey və Berkşir bölgələrində baş verib və 1990-cı illərin ortalarından 2000-ci ilə qədər olan dövrü əhatə edir. Digər iddia isə 1980-ci illərin ortaları və sonlarında Surreyin qərb hissəsində baş verdiyi ehtimal olunan hadisələrlə bağlıdır.
Reuters agentliyinin yaydığı məlumata əsasən, polis hələlik heç kimin saxlanılmadığını açıqlayıb.
“Biz cinsi cinayətlərlə bağlı bütün məlumatlara tam ciddi yanaşırıq və təqdim olunan informasiyanın yoxlanılması, həmçinin mümkün sübutların müəyyən edilməsi üçün bütün istiqamətlər üzrə araşdırma aparacağıq”, – deyə Surrey polisi bəyan edib.
Hüquq-mühafizə orqanları əlavə təfərrüat açıqlamayıb.
Qeyd edək ki, bu ilin fevral ayında da Surrey polisi ictimaiyyətə müraciət edərək, FBI tərəfindən redaktə olunmuş hesabatın yayımlanmasından sonra məlumat təqdim etməyə çağırmışdı. Həmin hesabatda 1994–1996-cı illərdə Surreyin Virginia Water bölgəsində yetkinlik yaşına çatmayan şəxslə bağlı insan alveri və cinsi zorakılıq iddiaları yer alırdı.
O zaman polis daxili məlumat bazalarında Surrey ərazisi ilə bağlı təsdiqlənmiş şikayətlərin aşkar edilmədiyini bildirsə də, sonradan əlavə müraciətlərin daxil olduğu qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.