ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın “kölgə” maliyyə şəbəkəsi və neft donanmasına qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ administrasiyası İranın beynəlxalq sanksiyalardan yayınmasına yardım etdiyi iddia olunan maliyyə şəbəkəsi və neft daşımalarında istifadə edilən gəmilərə qarşı yeni sanksiyalar elan edib. ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, məhdudiyyətlər İranın valyuta mübadilə şirkəti olan “Amin Exchange”ə, eləcə də onunla əlaqəli vasitəçi şirkətlərə şamil olunub.
Vaşinqtonun iddiasına əsasən, “Amin Exchange” kimi tanınan “Ebrahimi and Associates Partnership Company” İran bankları adından əməliyyatlar həyata keçirib və BƏƏ, Türkiyə, Honq-Konq daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən saxta şirkətlər şəbəkəsini idarə edib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, İranın valyuta mübadilə evləri hər il milyardlarla dollarlıq əməliyyat apararaq Tehrana beynəlxalq maliyyə sisteminə çıxış əldə etməyə və sanksiyalardan yayınmağa kömək edir. Bildirilir ki, sözügedən şirkətlər İran bankları adından yüz milyonlarla dollar həcmində tranzaksiyalar həyata keçiriblər.
Sanksiyalar çərçivəsində ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bir sıra xarici şirkətləri də “qara siyahı”ya daxil edib. Bunlar arasında Çinin “Ningbo Jiarui Trading Co., Ltd.” şirkəti, Honq-Konqda yerləşən “Starshine Petrochemical Corporation Limited”, “Vigorous Trading Limited”, “Bestfortuna Company Limited”, “Cheng Pan Co., Limited”, həmçinin BƏƏ-də fəaliyyət göstərən “Alieen Goods Wholesalers LLC”, “Bold Trading FZE” və “Materium Group FZE” yer alır.
Yeni məhdudiyyətlərə əsasən, adı çəkilən şirkətlərin ABŞ-dakı bütün aktivləri dondurulacaq, həmçinin ABŞ vətəndaşları və şirkətlərinə onlarla hər hansı biznes əlaqəsi qurmaq qadağan ediləcək.
Bununla yanaşı, İran mənşəli neft və neft-kimya məhsullarının daşınmasında istifadə edildiyi iddia olunan 19 gəmi də sanksiya siyahısına salınıb. Onların arasında Barbados bayrağı altında üzən “Great Sail” qaz tankeri, Palau bayraqlı “Ocean Wave” tankeri və Panama bayrağı altında fəaliyyət göstərən “Swift Falcon” kimyəvi və neft tankeri də var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.