İraqa PUA hücumu olub

BƏƏ bildirib ki, Baraka Atom Elektrik Stansiyası-na hücum edən pilotsuz uçuş aparatları İraq ərazisindən buraxılıb.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı açıqlayıb ki, “Baraka” AES-ə hücum edən bütün dronlar İraq ərazisindən havaya qalxıb. Bu barədə məlumatı Associated Press yayıb.
Məlumata görə, hücum nəticəsində radiasiya sızması qeydə alınmayıb. Zərbə stansiyanın xarici perimetri yaxınlığında yerləşən generatora dəyib. Hadisə fonunda diqqətlər İranın dəstəklədiyi şiə silahlı qruplaşmalarına yönəlib. Lakin indiyədək heç bir təşkilat hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
BƏƏ rəsmiləri daha əvvəl də İranı atəşkəs elanından sonra raket və pilotsuz aparat hücumları həyata keçirməkdə ittiham etmişdi. Regionda gərginlik həmçinin Hörmüz boğazı ətrafında baş verən hadisələrlə daha da artır. Strateji əhəmiyyət daşıyan bu marşrut İranın nəzarətindədir və hazırda ABŞ-ın hərbi-dəniz blokadası şəraitində fəaliyyət göstərir.
İraq hökumətinin sözçüsü Bəssəm əl-Əvadi isə BƏƏ Müdafiə Nazirliyinin açıqlamasını birbaşa şərh etmədən dron hücumlarını pisləyib.
“İraq BƏƏ-yə qarşı yönəlmiş son pilotsuz uçuş aparatları hücumlarını qətiyyətlə pisləyir”, – deyə onun bəyanatında bildirilib.
Əl-Əvadi əlavə edib ki, regionda təhlükəsizliyin və dost ölkələrin suverenliyinin qorunması üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
BƏƏ Müdafiə Nazirliyi son iki gün ərzində ölkəyə daha üç pilotsuz aparat hücumunun həyata keçirildiyini də açıqlayıb. Həmin dronların hədəfləri barədə isə məlumat verilməyib.
Təxminən 20 milyard dollar dəyərində olan “Baraka” AES Cənubi Koreyanın iştirakı ilə inşa edilib və 2020-ci ildə istismara verilib. Bu, ərəb dünyasında fəaliyyət göstərən yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisi tələbatının təxminən dörddəbirini təmin edir.
Bu arada, BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş region ölkələrinin hadisələrə münasibətini dolayı yolla tənqid edib.
O, X sosial şəbəkəsində paylaşımında bildirib ki, “İranın məkrli təcavüzü zamanı rolların qarışması Körfəz regionu dövlətlərini narahat edir”. Qarqaşın sözlərinə görə, “qurban və vasitəçi yerlərini dəyişib, dostlar isə qətiyyətli müttəfiq olmaq əvəzinə yalnız vasitəçi rolunda çıxış edirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.