Rusiyalı səfir Estoniya XİN-ə çağrılıb

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Buna səbəb kimi Rusiyanın Estoniya və Baltikyanı ölkələrə qarşı davam edən dezinformasiya kampaniyası göstərilib.
Estoniya XİN-in yaydığı bəyanatda qeyd olunub ki, rəsmi Tallin Rusiyanın Estoniya və digər Baltik ölkələrinə qarşı yalan məlumatların, açıq təhdidlərin və təxribat xarakterli açıqlamaların yayılmasını qətiyyətlə pisləyir və Moskvanı bu addımları dərhal dayandırmağa çağırır.
Estoniyanın xarici işlər naziri Margus Tsahkna bildirib ki, Estoniya öz ərazisi və hava məkanından Rusiyaya qarşı hücumlar üçün istifadə edilməsinə icazə vermir.
Nazirin sözlərinə görə, bunun əksini iddia edən məlumatlar Rusiya təbliğatının növbəti nümunəsidir və həqiqəti əks etdirmir.
“Bir NATO ölkəsinə təhdid bütün NATO-ya təhdid deməkdir. Brüsseldən də müttəfiqlərimizin bizi dəstəklədiyinə dair aydın və ardıcıl mesaj almışıq”, – deyə Tsahkna vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Baltik ölkələrinin hava məkanında pilotsuz uçuş aparatlarının görünməsi Rusiyanın Ukraynaya qarşı apardığı qeyri-qanuni müharibənin nəticəsidir. Estoniya tərəfi Ukraynanın özünü müdafiə etmək və Rusiyanın hərbi infrastrukturuna zərbələr endirmək hüququna malik olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.