Pentaqon UNO ilə bağlı sənəd və videoların ikinci hissəsini yayımlayıb

ABŞ Müdafiə Nazirliyi – Pentagon naməlum uçan obyektlərlə (NLO) bağlı sənəd və videogörüntülərin ikinci hissəsini ictimaiyyətə təqdim edib. Yeni materiallara əvvəllər məxfi saxlanılan və ya nadir hallarda yayımlanan 50 video və sənəd daxildir.
Nazirliyin açıqlamasına görə, bu ayın əvvəlində yayımlanan ilk paketdəki 162 fayl hökumətin xüsusi yaradılmış saytında bir milyarddan çox baxış toplayıb. Yeni sənədlərdə həm hərbçilərin, həm də mülki şəxslərin ifadələri yer alır.
Videolardan biri 2019-cu ildə Yaxın Şərqdə çəkilib. Pentaqonun məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında fəaliyyət göstərən hərbi platformanın infraqırmızı sensoru vasitəsilə qeydə alınan görüntülərdə Fars körfəzi üzərində nizamlı şəkildə uçan üç pilotsuz aparat görünür.
2022-ci ildə lentə alınmış başqa bir videoda isə İran sahilləri yaxınlığında gəmilərin üzərindən keçən dörd naməlum obyekt əks olunub. 2021-ci ildə Suriya üzərində çəkilmiş kadrlarda isə elmi-fantastik filmlərdəki “warp sürəti”nə bənzər ani sürətlənmə ilə uzaqlaşan müəmmalı obyekt görünür.
Bəzi görüntülərdə obyektlər ənənəvi “uçan boşqab”, disk və ya siqar formasını xatırladır. 2022-ci ilin oktyabrında naməlum ərazidə çəkilmiş videoda isə siqar formalı obyektin yaşayış məntəqəsi üzərində yüksək sürətlə hərəkət etdiyi görünür.
Bununla yanaşı, yayımlanan videoların heç birində obyektlərin mənşəyi barədə izah verilməyib. Pentaqonun Anomaliyaların Araşdırılması İdarəsi (AARO) daha əvvəl bəyan etmişdi ki, qeydə alınan minlərlə obyektin heç birinin yerüstü olmayan mənşəyə malik olduğuna dair sübut yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.