ABŞ-da 6 mindən çox miqrant uşaq saxlanılıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti Prezident Donald Trampın ikinci prezidentlik müddətinin başlanğıcından – 2025-ci ilin yanvarından etibarən 6,3 mindən çox uşağı, o cümlədən iki aylıq körpələri saxlayıb.
Bu barədə CBS telekanalı məlumat yayıb. Məlumata görə, saxlanılan 18 yaşadək miqrantların 97 faizi daha əvvəl hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib.
Bildirilir ki, saxlanılan uşaqların təxminən yarısı ABŞ-ın Texas ştatının Dilli şəhərində yerləşən miqrasiya mərkəzində yerləşdirilib. Texasdan demokrat konqresmen Joaquin Castro bildirib ki, həmin şəxslərlə sığınacaq axtaranlar kimi deyil, cinayətkar kimi davranılır.
Miqrant hüquqları üzrə ekspertlərdən birinin sözlərinə görə, Dilli şəhərindəki mərkəzdə uşaqlar antisanitar şəraitdə saxlanılır. Onların təmiz içməli suya çıxışının məhdud olduğu, qidalarda kif və həşəratlara rast gəlindiyi qeyd edilir. Bundan başqa, müəssisədə işıqların gecə-gündüz söndürülməməsinin uşaqların normal istirahətinə mane olduğu vurğulanır. Saxlanılanların məktublarında tibbi xidmətlə bağlı problemlər də qeyd olunub.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və mərkəzi idarə edən şirkət isə bu iddiaları rədd edir. Qurumlar bildirirlər ki, saxlanılan şəxslər üçün bütün zəruri şərait yaradılıb, uşaqların təhsil almaq, kitab və oyuncaqlardan istifadə etmək, həmçinin açıq havada gəzintiyə çıxmaq imkanları var.
Qeyd edək ki, mərkəzdəki şəraiti araşdırmaq istəyən CBS News-un çəkiliş qrupu müəssisənin əsas girişindən içəri buraxılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.