Rusiya Ermənistandan bəzi meyvələrin idxalına məhdudiyyət qoydu

Rusiya Kənd Təsərrüfatı Nəzarəti Xidməti iyunun 2-dən etibarən Ermənistandan gətirilən çəyirdəkli meyvələrin və üzümün idxalına müvəqqəti məhdudiyyət tətbiq edəcəyini açıqlayıb.
Qurumun yaydığı məlumata görə, son dövrlər Ermənistan mənşəli meyvələrin Rusiyaya tədarükü zamanı fitosanitar tələblərin pozulması halları artıb. Bu səbəbdən təhlükəsizlik tədbiri olaraq Ermənistan mənşəli və Ermənistandan göndərilən alça, ərik, şaftalı, nektarin, gilas, albalı, eləcə də təzə üzümün Rusiyaya idxalı dayandırılır.
Rosselxoznadzorun açıqlamasında bildirilir ki, məhdudiyyətlər yalnız Rusiyaya idxala deyil, həm də sözügedən məhsulların Ermənistan ərazisindən keçməklə Avrasiya İqtisadi Birliyinə üzv digər ölkələrə tranzit daşınmasına da şamil olunacaq.
Qeyd olunub ki, qadağa məhsulların təhlükəsizliyinin təmin olunmasına dair müvafiq mexanizm hazırlanıb
razılaşdırılanadək qüvvədə qalacaq. Rosselxoznadzor məsələ ilə bağlı Ermənistanın aidiyyəti qurumları ilə müzakirələrin davam etdirildiyini də vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.