İSPANİYADA MAY AYINDA DƏNİZ SUYUNUN TEMPERATURU REKORD HƏDDƏ ÇATIB

İspaniyada may ayında ölkənin sahil zolağının böyük hissəsində dəniz suyunun temperaturu üzrə rekord göstəricilər qeydə alınıb.
İspaniya liman hakimiyyətlərinin yaydığı məlumata görə, 15 dərin dəniz şamandırasından 12-si müşahidələr tarixində ən yüksək may temperaturunu qeydə alıb. Sahilyanı şamandıralar arasında isə 14 nöqtədən 6-da rekord göstəricilər müşahidə olunub.
İspaniyanın dövlət meteorologiya xidməti – AEMET-in nümayəndəsi Ruben del Campo bildirib ki, bu vəziyyətin əsas səbəbi insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişiklikləridir.
Meteoroloqun sözlərinə görə, son on ildə cəmi 7 rekord soyuq gün qeydə alındığı halda, rekord isti günlərin sayı 221-ə çatıb. Bu isə qlobal orta temperaturun davamlı şəkildə artdığını göstərir.
Ruben del Kampo həmçinin vurğulayıb ki, may ayında müşahidə olunan rekord dəniz temperaturu hazırda formalaşmaqda olan El-Ninyo hadisəsi ilə əlaqəli deyil. BMT-nin proqnozlarına əsasən, El-Ninyo hadisəsinin yaxın aylarda Sakit okeanda formalaşması və oktyabr-noyabr aylarında pik həddə çatması gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, dəniz suyunun temperaturunun yüksəlməsi dəniz ekosistemlərinə, balıqçılığa və sahilyanı bölgələrin iqlim şəraitinə ciddi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.