Ukrayna dronları Leninqrad vilayətinə hücum etdi: Neft terminalında yanğın baş verdi

İyunun 3-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Leninqrad vilayətinə kütləvi hücum həyata keçirib. Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, hava hücumu gecə saat 02:00-dan səhər 07:00-dək davam edib və bu müddət ərzində 50 pilotsuz aparat vurulub. Qubernator hücumun nəticələri barədə əlavə məlumat verməyib.
Yerli “Bumaqa” nəşrinin yazdığına görə, partlayış səsləri Sankt-Peterburqun bir neçə rayonunda, o cümlədən Admiralteyski, Vasileostrovski, Primorski və Krasnoselski rayonlarında eşidilib. Hücum nəticəsində Kirovski rayonunda yerləşən “Peterburq Neft Terminalı”nda yanğın baş verib.
Rusiyanın Baltik dənizi sahilindəki ən böyük neft aşırma kompleksi hesab olunan terminalın illik ötürmə qabiliyyəti 12,5 milyon ton təşkil edir. Kompleksdə neft məhsullarının saxlanılması üçün 21 rezervuar mövcuddur və müəssisə ölkənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Hücumun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMİF) ərəfəsində baş verməsi diqqət çəkib. İyunun 3-dən 6-dək keçiriləcək forumda Vladimir Putinin çıxışı gözlənilir. Forumun keçiriləcəyi “Ekspoforum” mərkəzi hücuma məruz qalan neft terminalından təxminən 17 kilometr məsafədə yerləşir.
Dron hücumu fonunda Sankt-Peterburqun Pulkovo Airport hava limanında 29-dan çox reys gecikdirilib.
Gecə saatlarında Rusiyanın Tambov vilayətinin Miçurinsk şəhəri də pilotsuz aparatların hədəfinə çevrilib. Vilayət rəhbəri Yevgeni Pervışov bildirib ki, dron qalıqlarının düşməsi nəticəsində yaşayış binası, kitabxana və incəsənət məktəbinə ziyan dəyib, binaların pəncərələri sınıb. Həmçinin sənaye müəssisəsinin təsərrüfat tikililərinə zərər dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Astra” nəşrinin məlumatına görə, hücumun əsas hədəfi aviasiya və raket texnikasının idarəetmə sistemləri üçün avadanlıqlar istehsal edən Progress Zavodu olub. Müəssisə bundan əvvəl də 2024-cü ilin dekabrında, 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında hücumlara məruz qalmışdı.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ötən gecə ölkə ərazisində ümumilikdə 354 pilotsuz uçuş aparatı məhv edilib. Hava hücumundan müdafiə sistemləri 16 regionda, o cümlədən Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Rostov, Tula və Moskva vilayətlərində fəaliyyət göstərib.
Hücumlar səbəbindən iyunun 2-si axşam saatlarından etibarən Moskvanın Vnukovo və Domodedovo hava limanlarının, həmçinin Kaluqa, Saratov, Nijni Novqorod, Yaroslavl və Pskov hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.