ABŞ hökuməti süni intellekt nəhənglərində pay sahibi ola bilər

ABŞ hökuməti süni intellekt sektorunda fəaliyyət göstərən ən böyük şirkətlərdə pay əldə etmək imkanını nəzərdən keçirir. Bu barədə nüfuzlu The Wall Street Journal nəşri məlumat yayıb.
Məlumata görə, məsələ ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri arasında müzakirə olunub. İddia edilir ki, bu ideya ötən il Sam Altman tərəfindən ABŞ rəhbərliyinə təqdim edilib.
Təşəbbüsün əsas məqsədlərindən biri dövlətin sürətlə inkişaf edən süni intellekt texnologiyalarının yaratdığı gəlirlərdən pay almasını təmin etməkdir. Eyni zamanda, hökumətin səhmdar qismində iştirakı süni intellekt şirkətlərinə tənzimləyici qurumlar tərəfindən əlavə etimad qazandıra və ictimaiyyətin texnologiyanın iqtisadi təsirləri ilə bağlı narahatlıqlarını azaltmağa kömək edə bilər.
Ekspertlər hesab edirlər ki, belə bir əməkdaşlıq yaxın illərdə bir sıra süni intellekt startaplarının fond bazarına çıxışı (IPO) ərəfəsində onların mövqeyini daha da gücləndirə bilər.
Bununla yanaşı, nəşr qeyd edir ki, sözügedən model müəyyən risklər də yaradır. Belə ki, ABŞ hökumətinin bu şirkətlərdə pay sahibi olması dövlət büdcəsini süni intellekt bazarındakı yüksək qiymət dəyişkənliyinin təsirinə məruz qoya bilər.
Süni intellekt sektoruna dövlət sərmayəsinin yatırılması ilə bağlı müzakirələr ABŞ-da texnoloji inkişafın sürətləndiyi və bu sahənin strateji əhəmiyyətinin artdığı bir dövrə təsadüf edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.