AP: Trampın Polşadakı hərbi kontingentlə bağlı qərar dəyişiklikləri ABŞ-a 32 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Avropadakı hərbi qüvvələrin sayı ilə bağlı ziddiyyətli qərarları Amerika ordusuna milyonlarla dollar əlavə xərc yaradıb. Bu barədə Associated Press agentliyi Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, may ayında Tramp Polşaya 5 min amerikalı hərbçinin göndəriləcəyini açıqlayıb. Bu bəyanat onun bir neçə həftə əvvəl Almaniya kansleri Friedrich Merz ilə İran müharibəsi məsələsində yaranmış fikir ayrılığı səbəbindən Avropadan eyni sayda hərbçinin çıxarılması barədə verdiyi göstərişdən sonra səsləndirilib.
Ağ Ev isə kontingentin azaldılması planının əvvəlcədən hazırlandığını bildirsə də, NATO müttəfiqləri yaranmış vəziyyətdən çaşqınlıq keçiriblər.
Agentliyin yazdığına görə, Trampın Polşaya qoşun göndərilməsi ilə bağlı açıqlaması Pentaqonun həmin ölkəyə göndərilməsi planlaşdırılan hərbi hissələrin növbəti rotasiyasını rəsmi şəkildə ləğv etdiyi günə təsadüf edib. Bu zaman ABŞ ordusunun 1-ci Süvari Diviziyasının 2-ci Zirehli Briqadasına məxsus texnika artıq yolda olub.
Nəticədə, ABŞ Nəqliyyat Komandanlığı bu əməliyyat üçün 32 milyon dollar xərc çəkməli olub. Mənbələr bildirirlər ki, hərbi rəhbərlik sonradan prezidentin açıqlamalarına uyğun siyasət formalaşdırmağa məcbur qalıb.
Bildirilir ki, yaranmış qeyri-müəyyənlik təkcə Avropadakı müttəfiqləri narahat etmir, həm də son anda ləğv edilən rotasiyalar səbəbindən amerikalı hərbçilərin mənəvi ruhuna mənfi təsir göstərir.
Bundan əlavə, vəziyyət ABŞ ordusunun maliyyə çətinliklərini daha da dərinləşdirir. Hazırda Meksika sərhədinin mühafizəsi, Milli Qvardiyanın missiyaları və İranla bağlı hərbi əməliyyatlar səbəbindən ordunun büdcə kəsirinin 2–6 milyard dollar arasında olduğu bildirilir.
Maliyyə çatışmazlığı fonunda ABŞ Ordusu ölkə üzrə kadr hazırlığı proqramlarını azaltmağa və Avropadakı qeyri-döyüş təlimlərinə ayrılan vəsaiti ixtisar etməyə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.