Lukaşenko: “Belarusun müharibəyə cəlb olunmasına imkan verməyəcəyik”

Belarus Prezidenti Alexander Lukashenko ölkəsinin sülh siyasətinə sadiq qaldığını bəyan edib. O, bu barədə Qrodno Vilayət Klinik Xəstəxanasının açılış mərasimində çıxışı zamanı danışıb.
Lukaşenko bildirib ki, Belarus müharibə istəmir və ölkədə insanların silah deyil, quruculuq işləri ilə məşğul olmasını arzulayır. Onun sözlərinə görə, məqsəd ölkədə sabitliyi və əmin-amanlığı qorumaqdır.
Dünya və Belarus ətrafında mürəkkəb və gərgin vəziyyətin hökm sürdüyünü vurğulayan prezident əsas vəzifənin ölkəni xarici təhlükələrdən qorumaq olduğunu qeyd edib. “Bütün bunları necə qoruyub saxlamaq barədə düşünürəm. Necə edək ki, düşmən qüvvələr bura daxil olub qurduqlarımızı dağıtmasın”, – deyə Lukaşenko bildirib.
Belarus lideri həmçinin ölkənin xüsusi xidmət orqanlarından aldığı məlumatlara istinad edərək bəzi mühacir müxalifət nümayəndələrinin ukraynalılarla təmaslarda olduğunu iddia edib. O, belarusluların başqa dövlətlərin maraqları naminə döyüşlərdə iştirak etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, əsas məqsəd Belarusun müstəqilliyini, təhlükəsizliyini və son onilliklər ərzində yaradılmış sosial-iqtisadi nailiyyətləri qorumaqdır. O qeyd edib ki, ölkədə mövcud problemlər gizlədilmir və onların həlli istiqamətində iş aparılır.
“Biz istəyirik ki, uşaqlarımız və nəvələrimiz öz torpaqlarında yaşasınlar. Çatışmazlıqlarımız var, lakin biz onları görür və aradan qaldırmağa çalışırıq”, – deyə Belarus prezidenti əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.